Dağlıq Qarabağ Parisdə müzakirə olunur

28 Yanvar 2013 13:25 (UTC+04:00)



Bu gün ATƏT-in Minsk Qrupu həmsədrləri Parisdə Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə görüşəcək. Artıq nazirlər Fransadadır. Səfər çərçivəsində XİN başçısı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair yeni ideyaları müzakirə edəcəkləri bildirilir.

Görüşlə bağlı AzNews.az-a məlumat verən XİN-nin mətbuat katibi Elman Abdullayev deyib ki, 2009-cu ildə Afinada tərəflərə "Yenilənmiş Madrid prinsipləri" təqdim olunub. Baza baxımından da Azərbaycan həmin prinsipləri qəbul edib. O qeyd edib ki, "Yenilənmiş Madrid prinsipləri" adlanan sənədin əsas altı elementi də Minsk Qrupunda təmsil olunan dövlət başçılarının bəyanatlarında öz əksini tapıb:

"Daimi olaraq danışıqlar masasının üzərində duran bu altı elementin başında Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması dayanır. Bilirsiniz ki, "Yenilənmiş Madrid prinsipləri" və ümumiyyətlə münaqişənin həllinə ümumi yanaşma mərhələli xarakter daşıyır. Mərhələli həldən irəli gələrək də ilk növbədə Ermənistan silahlı qüvvələri işğal etdikləri əraziləri tərk etməlidirlər. Ermənistan dəfələrlə bu müzakirələrdə iştirak edib və Azərbaycan da hər zaman öz mövqeyini səsləndirib. Bu mövqe də ondan ibarətdir ki, Ermənistan silahlı qüvvələri işğalda saxladıqları ərazini tərk etməlidirlər ki, münaqişənin həlli prosesinə start verilsin".

XİN rəsmisi bildirib ki, bu günə kimi Ermənistanın öz qoşunlarının Azərbaycan ərazilərindən çıxarmaması münaqişənin həlli prosesini əngəlləyir. Onun sözlərinə görə, nazirlərlə keçirilən işçi xarakterli görüşlərdə hansısa konkret təkliflər ortaya çıxsa, yaxud da hansısa konkret nəticəyə gəlsələr, nazirlər arasında müzakirələr aparıla bilər:

"Azərbaycan tərəfi çox konkret təkliflər irəli sürüb, ancaq təəssüflər olsun ki, hələ də Ermənistan tərəfindən pozitiv reaksiyalar daxil olmur. Azərbaycan tərəfi konkret olaraq "Sülh Sazişi"nin imzalanması təklifini etmişdi. Hələ ki, buna müsbət cavab yoxdur. Əgər bizim təklifimizə müsbət reaksiya olarsa, təbii ki, biz yenə də öz təklifimizi ortaya qoyacağıq".

Gültəkin
AzNews.az