23 il ailəsiylə Cocuq Mərcanlıda yaşayan sakin - Ordumuza güvənmişəm - Video

26 Yanvar 2017 18:26 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, azad olunmuş Cocuq Mərcanlı kəndində 23 ildir ailə üzvləri ilə birlikdə yaşayan Oktay Həziyevin sözlərinə görə, kənd ərazisində yaşamaq çətin və təhlükəli olsa da, Azərbaycan Ordusuna və dövlətinə güvənərək orada yaşayıb:

"Bu, bizim üçün sevindirici haldır. Bu gün kəndimizə qayıdışın təməli qoyulur. Allahın köməyi və Prezident İlham Əliyevin səyi nəticəsində Qarabağ və ətraf rayonlar da işğaldan azad olunar. Əvvəllər burada yaşamaq çox çətin idi. Çünkü Lələtəpə yüksəkliyi ermənilərin nəzarəti altında idi. Bu da ətraf ərazilər və kəndlərdə yaşamağı təhlükəli etmişdi. Lakin Azərbaycan Silahlı Qüvvələri keçən ilin aprel ayında həmin yüksəkliyi işğaldan azad etdi, bununla da Cocuq Mərcanlı kəndinə nəzarəti əla aldı. Bu gün kənd ərazisində yaşamağ təhlükəli deyil, çünki Lələtəpədə Azərbaycan bayrağı dalğalanır".