Sovetskidə xilas edilən iki nəfərin vəziyyəti ağırdır - FHN-in qərargah rəisi

27 Yanvar 2017 20:29 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov jurnalistlərə açıqlamasında bildirib ki, yanğın ümumi həyət tipli bir tərəfi ikimərtəbəli, digər tərəfi üçmərtəbəli taxta konstruksiyalı mənzillərdə baş verib: “Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 4 nəfər sakin xilas olunub. Uçqunlar altında qalan bir nəfərin cəsədi aşkar olunub. Xilas edilən insanlardan ikisi qadın, digər ikisi isə kişi olub. Hazırda yataq xəstəsi olan iki nəfərin vəziyyəti ağırdır”.

Ə.Novruzov bildirib ki, yanğının başvermə səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır: “Təhqiqat işlərinin nəticəsindən asılı olaraq səbəblər məlum olacaq. İlkin ehtimal üçün müxtəlif səbəblər ola bilər. Yanğının tez yayılmasına səbəb evlərdə taxta konstruksiyaların çoxluq təşkil etməsidir".

Qərargah rəisi vurğulayıb ki, yanğınla bağlı çağırış 17.01 radələrində Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qüvvələrinin İdarəetmə Mərkəzinə daxil olub: “Yanğının mürəkkəbliyi nəzərə alınaraq 2 saylı çağırış elan olunaraq Bakı qarnizonu dərhal hadisə yerinə cəlb olunub”.

Yanğın hadisə zamanı dünyasını dəyişən 1969-cu il təvəllüdlü Liya Mixailovna Xazitovanın mənzilində baş verib.