Əlövsət Osmanlıdan Faiq Şahbazlıya CAVAB

28 Yanvar 2013 16:27 (UTC+04:00)


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında dərsliklərin monitorinqinə həsr edilən müzakirələrlə bağlı Təhsil Nazirliyinin şöbə müdiri Faiq Şahbazlının açıqılamasına Əlövsət Osmanlıdan cavab gəlib. AzNews.az-a məktub göndərən Ə.Osmanlı F.Şahbazlının fikirləri ilə razılaşmayıb:

"Dərsliklərin rəsmi monitorinqi çərçivəsində keçirilən bu elmi-metodik seminarlarda elmdən, metodikadan kənar hansı söhbət gedə bilər? "Elm", "metodika" anlayışlarını "şou" ilə eyniləşdirəndən nə gözləmək olar?! Faiq Şahbazlı görür ki, TQDK-nın seminarlarında "sevimli" dərsliklərinin ayıbları üzə çıxır, sübut edilir ki, onun indiyə kimi üfürdüyü "dərslik siyasəti", "dərslik hoqqabazlığı"ından başqa bir şey deyilmiş. Dərslik rəsmi sənəddir, onun səhifələrindəki rəzaləti hay-küylə ört-basdır etmək mümkün deyil. Onsuz da bu rəzalətin üstü gec-tez açılmalı idi... Faiq Şahbazlı deyir:

"Sanki öz içimizdə düşmən axtarışına çıxıblar". Şəxsən mənim onun nəzərdə tutduğu "düşmənlər"i axtarmağa heç bir ehtiyacım yoxdur. Çünki neçə ildir ki, onların ünvanını hamıya göstərməklə məşğulam: Düşmən – dərslikləri öz korporativ maraqlarına görə bu cür urvatsız şəkildə çap edənlərdir".

Xatırladaq ki, bundan əvvəl Faiq Şahbazlı AzNews.az-a açıqlamasında müzakirələrin gedişindən narazı qaldığını və bir çox hallarda şou yaradıldığını bildirmişdi:

"Sanki öz içimizdə düşmən axtarışına çıxıblar. Dərslikləri keçməyən, indiyə qədər nazirliyə qarşı ancaq tənqidi mövqedən yanaşan şəxslərə meydan verirlər. Məmməd Yaqubov dərsliklərin müəllifi olub, ancaq bu il 5-ci sinif üçün dərsliyi keçməyib. İndi o öz ətrafı ilə, eləcə də Əlövsət Osmanlı gəlir, orada şou yaradırlar. Sanki öz içimizdə düşmən axtarırlar".

Kəmalə
AzNews.az