Əsir erməninin 21 il əvvəl Sarkisyana yazdığı məktub tapıldı - MƏTN

28 Yanvar 2013 17:36 (UTC+04:00)


Xəbər verildiyi kimi, Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin batalyonunun kəşfiyyatçısı, Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu lent.az saytında "Kəşfiyyatçının xatirələri" adlı layihə çərçivəsində döyüş xatirələrini qələmə alır. Xatirə yazıları yayılmağa başlayandan sonra keçmiş döyüşçülər o dövrlə bağlı çox dəyərli sənədlər, videolar və fotoları müəllifə təqdim edirlər. Bunlar vaxtaşırı lent.az da yayılır.

Bu günlərdə o sənədlərdən bir qismi də müəllifin Qazançı döyüşü ilə bağlı xatirələrindən sonra ona təqdim olunub. Olduqca maraqlı olan bu sənədlər sırasında Milli Ordumuzun uğurlu sayıla biləcək əməliyyatlarından biri - Şirin Mirzəyevin rəhbərliyi ilə onun batalyonunun həyata keçirdiyi Qazançı döyüşü ilə bağlıdır. R.Kərimoğlu bildirib ki, həmin döyüşdə əsir götürülən 15 nəfərdən biri - hələ sovet dönəmində ermənilərin separatçı məqsədləri üçün vəsait toplayan gizli təşkilatın - "Krunk"un fəalı, həm Qazançının müdafiəsini, həm də azərbaycanlılar yaşayan kəndlərə hücumları, qətlləri həyata keçirən Arutunyan Barxudar olub. Həmin B.Arutunyan 9 mart 1992-ci ildə Ermənistanın indiki prezidenti, o vaxt "Dağlıq Qarabağ"ın müdafiə naziri olmuş Serj Sarkisyana ünvanladığı məktubdur. Arutunyan öz əli ilə yazdığı həmin məktubda Qazançı döyüşündən bəhs edir, əsir düşmüş 11 erməninin taleyi ilə bağlı Sarkisiyandan kömək istəyir. Məktubun nöqtə vergülünə dəymədən veririk:

"Dağlıq Qarabağ" Respublikasının müdafiə naziri yoldaş S.Sərkisyana

Mardakert rayonunun keçmiş Qazançı kəndinin sakini Arutunyan Barxudar tərəfindən

Ərizə

Yazıb sizə bildirirəm ki, bizim kəndimiz 4-5 mart günlərində Azərbaycan silahlı qruplaşmalarının güclü hücumuna məruz qalıb və güclü döyüş nəticəsində büsbütün məhv edilərək külə dönüb. Əhali tam olaraq kənddən qovulub. Çoxlu həlak olan və yaralananlar vardı. Hazırda 11 (on bir) nəfər (mən də daxil olmaqla) əsir Əlimədətli kəndindəki hərbi hissənin sərəncamındayıq. 3 kişi və 8 qadından ibarət 11 nəfər: hamısı ahıl yaşda və hamısı da köməksiz qocalar. Əgər siz lazımi kömək göstərməsəniz, burada onların hamısı boşuna və izsiz-tozsuz həlak olacaqlar. Biz yox olacağıq. Bir daha sizin diqqətinizi bu işə cəlb edirəm! Bizə təcili və təxirə salmadan yardım etməyinizi xahiş edirik. Buradakı komandirlər bizi sizin əlinizdə olan Azərbaycanlı girovlarla dəyişməyə hazırlıq nümayiş etdirirlər. Mübadilə üçün tələsməyinizi xahiş edirəm. Vəziyyət dəhşətlidir.

Bundan başqa, mən bizim kəndimizin dağıdılmasının və büsbütün məhv edilməsinin bariz şahidi olmuşam. Kəndin məhv edilmə və yandırılma görüntüləri dəhşətli idi. Axan qanlar dözülməz idi. Bütün imkanlardan istifadə edərək qan axmasını, yanğınları, hər hansı yolverilməz halları dayandırmaq və milli məsələni təcili sülh yoluyla həll etmək lazımdır. Mənə elə gəlir ki, bizim başqa çıxış yolumuz yoxdur. Gün-gündən bizim itkilərimiz və qurbanlarımız artır. Təcili komissiya yaradıb sülh planı və ya aktı hazırlamaq lazımdır.

Xahiş edən: Arutunyan Barxudar, 9 mart 1992-ci il"

R.Kərimoğlu deyir ki, əsir erməni döyüşçünün məktubunun Sarksiyana yetişib-yetişmədiyini bilmir. Amma o, həmin vaxt B.Arutunyanın həm Ağdərə rayonunun rəhbərliyinə, həm də Şirin Mirzəyevə eyni xahişlə, lakin başqa məzmunlu məktublar ünvanladığını və onların ünvanına çatdığını deyir.

R.Kərimoğlu B.Arutunyanın əsirlikdən qaçmaq istəyərkən əsgərlərimiz tərəfindən güllələndiyini deyir. Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun rəhbərliyi ilə B.Arutunyanın cəsədi və digər 10 erməni əsirlikdə olan 130-a yaxın Xocalı sakini ilə dəyişdirilib.

Müəllifin gələcək yazılarında o dövr vəziyyəti tam çılpaqlığı ilə əks etdirən çox maraqlı və qiymətli sənədlərlə tanış ola biləcəksiniz. /lent.az/