Vahid islam ordusu

28 Yanvar 2013 20:37 (UTC+04:00)

Zahid Oruc

Azərbaycan mediasının iki gün öncəki təqdimatında "hamını şoka salan bir təklif"dən bəhs olunurdu. Dünyanın yenidən bölüşdürülməsi ideyası imperiyalar üçün nə qədər cazibədar səslənsə də, bunu tarixən işıqlı və təhlükəsiz bir formada təmin etmək hələ heç bir dövlətə müyəssər olmayıb. 2013-cü ilin siyasi gerçəkliyində müsəlmanları hərbi ittifaqa gətirmək təşəbbüsü ilə çıxış edən İranın Müdafiə Naziri Əhməd Vahid də başqa qitələrə və dinlərə qarşı hansı çağırışı etdiyinin fərqindədir. Biz sözügedən şəxsin tərcümeyi-halından, onun vaxtilə Argentinada yəhudi mədəniyyət mərkəzinin partladılmasında günahlandırılmasından, hərbi karyerasının da elə bu amil üzərində inkişafından danışmayacağıq. Araşdırmaq istədiyimiz irəli sürülən planın əsil məqsədlərini müəyyənləşdirməkdir.

Hər kəsə bəllidir ki, Yaxın Şərqin gələcək tranformasiyasını demokratik və Qərbpərəst rejimlərdən ibarət görənlərlə yanaşı, islamçı qüvvələrin iqtidara gəlməsi ilə fərqli bir siyasi xəritənin formalaşacağını düşünənlər də var. Regionda uzunmüddətli sülh və demokratiyanın bərqərar olması hamıda şübhə doğurduğundan yeganə yol buradakı prosesləri İranın maraqları əleyhinə inkişaf etdirməkdir. Çünki birləşdiricilik üçün yetərli gücə malik olan müsəlman ölkəsi məhz odur. Keçmişdə vəziyyət xeyli fərqli idi.

Liviya özünün ekstravaqant lideri ilə xüsusi iddialara malik idi və əslində Qərbin bu varlı ərəb ölkəsini ələ keçirməsi islam dünyasında liderlik uğrunda mübarizəyə güclü təsir göstərdi. Çünki Qəzzafi öz dindaşları ilə də tez-tez savaşırdı və ətrafında müxtəlif qüvvələri toplamaqla parçalanmalara rəvac verirdi. Onu İranın liderliyi altında vahid bir Xilafatə qoşulması və xristianlığa qarşı müqəddəs savaş ideyasına qatılması mümkün deyildi. Üstəlik, NATO-nun hərbi qüvvələri Liviyaya girməklə digər hədəflərdən müyyən bir dövr yayınırdı. Belədə Qəzzafinin öldürülməsi ilə yerində yaranmış boşluğu başqalarının doldurması imkanları artırdı ki, məhz bu səbəbdən də İran "islam hərbi birliyi" ideyasını daha çox qabartmağa başlamışdır.

Dünyəvi rejimlərin ərəb dövlətlərində sarsılması fonunda Böyük İslam Dünyasının perspektivi necə görünür? Əslində Misir və Liviyadan sonra 4 ölkə müxtəlif çətirlər altında ətraflarında koalisiyalar qurmağa və böyük bir məkanda dominantlıq etməyə amansız cəhdlər göstərir. Bunlar Türkiyə, İran, səud ərəbləri-krallıqlar və nəhayət, Suriyadır. Aydındır ki, Türkiyə modelinin qəbulu ilə digər dövlətlərin nüfuz dairəsi kiçilmiş olur. Lakin Ərdoğan iqtidarının fəal beynəlxalq təşəbbüsləri daxildə separatizm cəhdləri ilə buxovlandığından,S uriyda isə rejimin bütün gücü xalqla savaşa səfərbər olunduğundan yeganə konsolidasiya İran ətrafında ola bilərdi. Burada isə vəziyyət tamam ayrı cürdür.

Bəllidir ki,1979-cu il İslam inqilabından sonra dünya yeni idaərəetmə forması ilə üz-üzə qaldı. İranda dünyəvi və ruhani elitanın balansına söykənən bu sistemin mövcudluğu beynəlxalq münasibətlərə və xarici siyasətə dair kifayət qədər mürəkkəb baxışlara təsir göstərdi. Prezidentin və hökumətin dünyəvi olması və texnokratiyanı təmsil etməsi fonunda ayətulla institutu, ona tabe olan İslam Keşikçiləri korpusu dünya siyasətinə,dövlətlərin gələcəyinə və təhlükəsizliyinə son dərəcə əks iddialarla yanaşmaqdadır.Reallıqda əsil hakimiyyətin və ordu üzərindəki nüfuzun sahibinə çevrilən ruhanilərlə digər siyasi dairələri toqquşdurmağa, hətta 2009-cu ilə əsaslı parçalanmalar yaratmağa nail olan Qərb sonda yenə də İranda rejim dəyişikliyinin xarici müdaxilə hesabına mümkünsüzlüyünü dərk etdi. Məhz o zamanlar islamçı radikalların Yaxın Şərqdə və inqilab etmiş ərəb dövlətlərində fəaliyyətini stimullaşdırmaqla Böyük İslam Dünyasını formalaşdırmaq ideyası yenidən aktuallaşdı.

Elə bu yerdə xatırlatmaq yerinə düşərdi ki, Iran Hizbullah və Həmasdan fərqli olaraq Talibana, həmçinin Əl-Qaidə terror təşkilatına çox da müsbət yanaşmayıb və onların mayasında Qərb maraqlarını həmişə nəzərə alıb. Lakin sözügedən dini təmayüllü qruplar vasitəsilə Böyük Xilafətin qurulmasını və nüfuz dairəsini genişləndirməyin qeyri-mümkünlüyünə İrandakı mühafizəkar dini dairələr də əmindirlər. Bir tərəfdən də bu ölkə faktiki olaraq geosiyası mühasirəyə düşmüşdür. Əfqanıstandakı koalisiya qoşunları, İrakda Amerika hərbi dominantlığı və Əsəd hakimiyyətinin yıxılması ehtimalı qarşısında İran Rusiya və Çin hesabına müqavimət gücünü saxlamağa və beynəlxalq təzyiqlərə sinə gərməyə çalışır. Putinin manevrləri fonunda əsasən Çinlə hərbi əlaqələrini gücləndirmək indi yeganə çıxış yoludur.

900 minə yaxın hərbi kontingentə malik olduğu bildirilən İran son model ballistik raketlərlə və güclü quru qoşunları ilə əsas xarici həmlələrə qarşı müqavimətini sərgiləyir. Kütləvi qırğın silahlarının yeni növləri və 2.5 min km məsafəni qət edərək hədəfi vuran Şahab-3-lərin fonunda, hava hücumundan müdafiə sistemlərinin təkmilləşməsi ilə bərabər ənənəvi vasitələrlə müsəlman aləmində yerini qoruyub saxlamağa çalışan İran üçün başlıca sual budur: Müdafiə Naziri Vahidin dediyi kimi İslam ölkələrinin vahid hərbi alyansını reallaşdırmaq mümkündürmü?

Bu plan hətta Suriya rəhbərliyi ilə yaxın dostluq və qardaşlıq şəraitində də gerçəkliyə çevrilə bilmədisə, indi belə ağır durumda xristian dünyasına qarşı dini koalisiya ilə çıxmağa bel bağlamaq xam xəyallardır. İran Suriyadakı anti-NATO elementləri ilə üsyançılara qarşı bir müddət savaş aparsa da sonda rejimin təslimçiliyinə göz yummalı olacaqdır. Çünki heç bir mənəvi avtoritetə sahib olmadan yalnız bəlli müqəddəs ideya ilə dindaşlarını vahid bayrağın altına yığlb Cihada çağırış etməyə cəsarət və yer qalmayıb. İran indiki müqavimətin səmərəsizliyini görüb postəsəd dövründə meydana çıxacaq fundamentalist bir qüvvə ilə Afrika siyasi xəritəsində köklü dəyişiklik edəcəyinə ümid bəsləyir. Ancaq bunlar hələ ki, qeyri-real layihələrdir. Həm də gözlənilən təhlükələri azaltmır, əksinə yeni müharibələri qaçılmaz edir.

Biz dini əlamətlərinə görə 3-cü dünya müharibəsi perspektivindən və ya sivilizasiyaların toqquşmasından bəhs etmirik. İranın dediyi "fələstinlilərin və digər müsəlman düşmənlərinin əleyhinə" qurmaq istədiyi birliyi yaratmağa mənəvi haqqının olmamasından və siyasi gücsüzlüyündən söz açmaqla yeni avantüralara əl atan bir dövlətin sadə və fanatik kütlələrin dini etiqadlarını necə istismar etməyini diqqətə çatdırmaq hər birimizin başlıca vəzifəsi olmalıdır. Onsuz da radikalizmi və təməlçi dini ideyaları ixrac etməklə islamı dünyada qara rəngdə təqdim etməyə səbəb olan bir dövlətin hamının mənafelərini nəzərə almağa siyasi gücü və ədalət məfkurəsi mövcud deyil.

Bütün islam dövlətlərini hədəfə çevirən bu plan İranın məruz qaldığı təhlükələri onların üzərinə qoymaqdan başqa bir işə yaramayacaq. Əks halda bir azərbaycanlı soydaşımız iranlı nazirdən soruşsaydı ki, yaratmaq istədiyiniz VAHİD İSLAM ORDUSU Azərbaycanın torpaq bütünlüyü naminə Ermənistanla vuruşacaqmı, onda bu təşəbbüsün arxasında gözlənən məkr tam açıqlığı ilə üzə çıxardı. Bəlli olacaqdı ki, nəinki savaşmaq, hətta hərbi yardımlarını dayandırmaq belə bu müharibənin taleyinə həlledici təsir göstərdiyindən din qardaşımlarız buna getməzdilər.

Bu yerdə yaxşı deyiblər ki, hamı eyni dərdə ağlasaydı, dünyanın Xilaskarı çoxdan gələrdi!