“Banklar gecikən kreditləri problemli kreditlər kimi rəsmilləşdirməyə həvəsli deyillər”- Ekspert

30 Yanvar 2017 11:27 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov bildirib. O, qeyd edib ki, bu 16 milyard 275 milyon manatlıq kredit portfelinin 8,9 faizi deməkdir:

“Neftin dünya bazar qiyməti aşağı düşməyə başlayanda bu rəqəm 5 faiz ətrafında dəyişirdi. Bununla belə, aparılan monitorinqlər göstərir ki, banklarda problemli kreditlərin məbləği Mərkəzi Bank tərəfindən rəsmi elan edilən rəqəmdən daha böyükdür. Fərqli səbəblərdən banklar yubanan kreditləri problemli kreditlər kimi rəsmilləşdirməyə həvəsli görsənmirlər. Kredit götürənlərin ödəmə qabiliyyətinin azaldığını nəzərə alsaq, o zaman növbəti aylarda da problemli kreditlərin həcmində artımlar qaçılmazdır.”

Ekspert problemli kreditlərin xeyili hissəsinin geri qaytarılmasının mümkünsüz hesab edir: “Halbuki, 2015-ci ilin əvvəlində təklif etdiyimiz kimi, Mərkəzi Bank sadəcə problemli kreditlərin yarısı qədər məbləğı xarici valyutada olan kreditlərə kompensasiya kimi ödəsəydi 10 min dollaradək istehlak kreditlərinə güzəşt tətbiq edə bilərdi. Mərkəzi Bank kreditlərə güzəşt versəydi, nə problemli kreditlərin həcmi bu qədər şişərdi, nə də kredit borcu olanların ödəmə qabiliyyəti pisləşərdi.”

Vüqar Bayramovun fikrincə, güzəşt tətbiq edilməyincə problemli kreditlərin həcmində artımlar davam edəcək.

Bahar RÜSTƏMLİ

AzNews.az