“Tələbə gedib internet saytında öz fikirlərini bildirsin”-Millət vəkili

28 Yanvar 2013 22:27 (UTC+04:00)

"Qanunda qeyri-qanuni aksiyalara görə, ayrı-ayrı məbləğlər nəzərdə tutulur. Yəni qeyri-qanunu aksiyanı təşkil edən təşkilatlara, iştirakçılara, hüquqi və fiziki şəxslərə konkret nə qədər cərimə kəsildiyi müəyyənləşib".

Bunu AzNews.az-a deputat Siyavuş Novruzov aksiyalarda saxlanılan şəxslərin cərimələnməsi məsələsinə aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, qanunda cərimələrlə yanaşı, həm də iştirakın nəticəsi olaraq ictimai işlərə cəlb olunma məsələsi də əksini tapıb.

"Qanuna dəyişiklik mexanizminin hansısa inkişaf etmiş ölkənin praktikasına əsaslandığını nəzərə alsaq, o zaman Azərbaycanda cərimələr işsizlik və əmək haqları ilə müqayisədə həddən artıq yüksək deyilmi" sualına belə cavab verib:

"Dünyada qanundan kənar aksiyalara görə cərimələr çox yüksəkdir - 3-5 min dollar. Orda iştirak edənin əmək haqqının bu məsələyə heç bir aidiyyəti yoxdur".

S.Novruzov deyib ki, bu cərimələrdə kimlərəsə güzəşt edilməsi mümkün deyil:

"Tələbədir, onda aksiyaya çıxmasın, gedib dərsini oxusun. Tələbə getsin internet saytında öz fikirlərini, rəyini çatdırsın. Kimliyindən asılı olmayaraq, qanunsuz hərəkət edirsə, qanun qarşısında cavab verməlidir. Sürücü qanunsuz maşın sürürsə cərimə olunmur? Aksiyada iştirak edən də onun kimi, qanunsuz hərəkət edirsə, bu ona da tətbiq olunmalıdır".

Gültəkin
AzNews.az