Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 133 il ötür

31 Yanvar 2017 09:45 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Rəsulzadənin anadan olmasından 133 il ötür. O, 1904-cü ildə "Hümmət" Təşkilatının yaradılmasında iştirak edib. 1908-ci ildə M.Ə.Rəsulzadə çar üsul-idarəsi tərəfindən onun həbs olunması təhlükəsi ilə əlaqədar Bakını tərk edərək İrana gedib. Bir müddət orada "İrane Nou" və "İrane Ahat" qəzetlərinin baş redaktoru olub.

1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilib. Elə həmin il Müsavat Partiyasının sədri olub. 1918-ci il mayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şurası yaradılıb və səs çoxluğu ilə M.Ə.Rəsulzadə sədri seçilib. Bununla da Fətəlixan Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti yaradılıb.

1920-ci il aprelin 28-də bolşevik işğalından sonra Rəsulzadə Azərbaycanı tərk edib.

1932-ci ildən M.Ə.Rəsulzadənin fəaliyyətinin Avropa dövrü başlayır. Bu illərdə o, Almaniyada “İstiqlal” qəzetini, “Qurtuluş” jurnalını nəşr etdirir, Polşada isə milli Azərbaycan nəşriyyatını yaradıb polyak dilində “Azərbaycan müstəqillik uğrunda mübarizədə” kitabını çap etdirir.

M.Ə.Rəsulzadə 1955-ci il martın 6-da Türkiyənin Ankara şəhərində vəfat edib, “Əsri” məzarıstanlığında dəfn olunub.