Şamaxı zəlzələsindən 115 il keçir

31 Yanvar 2017 10:50 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, AMEA-nın 2009-cu ilin mayında Şamaxının tarixi ilə bağlı keçirdiyi elmi konfransda tarixçilərdən birinin pafosla söylədiyi bu fikir heç də təsadüfi deyil.

Məlumdur ki, tarixən Şamaxıda təkrarlanan güclü zəlzələlər baş verib. Bəzi mənbələrdə bunlardan doqquzunun xüsusilə dağıdıcı olduğu bildirilir. Hər dəfə də şəhər tamamilə yerlə-yeksan olub. Sonuncu, ən dağıdıcı zəlzələ isə 115 il bundan əvvəl, 1902-ci il yanvarın 31-də, gündüz saat 12 radələrində baş verib. O vaxt Şamaxının 22 min əhalisi vardı (1897-ci il siyahıyaalmaya görə). Təbii fəlakət zamanı şəhər tamamilə dağılıb, maddi mədəniyyətimizin nadir nümunələri yerlə-yeksan olub və ya yer altına gömülüb. O vaxt mətbuatda bu hadisəni “Qiyamət günü” adlandıranlar da vardı. 6,9 bal gücündə baş verən zəlzələ zamanı 2000 nəfərdən çox insan həlak olub (bəzi məlumatlara görə, 3000 nəfər), minlərlə insan yaralanıb, 20 min nəfərədək əhali evsiz-eşiksiz qalıb, 4 min yaşayış evi, 8 qədim məscid, 2 kilsə, 10-dan çox mədrəsə, 40 qədim Şərq hamamı, onlarla ticarət obyekti, bazar-dükan dağılıb.

1902-ci il zəlzələsi Şamaxı qəzasındakı 126 kəndi də əhatə edib və bu yaşayış məntəqələrində 3 mindən çox ev, 40 məscid və çoxlu sayda təsərrüfat tikililəri yerlə bir olub.

Qeyd edək ki, bu faktlar Sankt-Peterburq şəhərində ötən əsrin əvvəllərində çap olunan “Niva” adlı nəşrin 97-ci sayında da öz təsdiqini tapıb və hazırda həmin nəşrin zəlzələ ilə bağlı səhifələri Şamaxı Tarix–Diyarşünaslıq Muzeyində saxlanılır.

Yeri gəlmişkən, istər 1902-ci ildəki, istərsə də əvvəlki zəlzələlərlə bağlı maraqlı bir məqam da diqqəti cəlb edir. Belə ki, dağıdıcı zəlzələlərdən sonra yerli əhaliyə aktiv seysmik zonada yerləşən Şamaxıdan köçüb getmək kimi təkliflər olunur. Lakin hər dəfə də insanlar öz yurdlarından ayrılmayıblar. Hətta 1902-ci il zəlzələsindən əvvəlki, 1859-cu ildə baş vermiş dağıdıcı fəlakət nəticəsində Şamaxının quberniya şəhəri statusunu və ticarət yollarının kəsişdiyi iqtisadi əhəmiyyətli rolunu itirməsindən sonra da yerli əhali şəhərin köçürülməsinə qəti etiraz edib.