Sabah da qar yağacaq

31 Yanvar 2017 12:11 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında fasilələrlə qar yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu Abşeronda gecə 1-3° şaxta, gündüz 0°-yə yaxın, Bakıda gecə 1-3° şaxta, gündüz 0°-yə yaxın olacaq.

Atmosfer təzyiqi 765 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % təşkil edəcək. Yolların buz bağlama ehtimalı var.

Azərbaycanın rayonlarında fevralın 1-də arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti, dağlarda gecə 9-14° şaxta, gündüz 1-6° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.