Azərbaycan İran, Türkiyə və Hindistandan qədim əlyazmalar alacaq

29 Yanvar 2013 11:22 (UTC+04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutu İran, Türkiyə və Hindistandan qədim əlyazmalar alacaq. Bu barədə APA-ya İnstitutun direktoru Paşa Kərimov bildirib. Onun sözlərinə görə, yaxın zamanlarda Azərbaycan ədəbiyyatına və tarixinə aid əlyazmaların surətləri ölkəyə gətiriləcək. Artıq bununla bağlı iş gedir.

P. Kərimov deyib ki, əlyazmalar daha çox XV-XVI əsrlərdən - Səvəfilər dövründən XIX əsrə qədər olan prosesləri əhatə edəcək. Onların arasında Şah İsmayıl Xətainin nəvəsi İbrahim Cahinin klassik qəzəlləri də var.

İnstitut direktorunun sözlərinə görə, indiyədək Əlyazmalar İnstitutu yalnız Azərbaycanla əlaqədar əlyazmaların ölkəyə gətirilməsinə çalışıb. Lakin bundan sonra bütün Şərq aləminə aid əlyazmaların da Azərbaycana gətirilməsinə çalışılacaq.

AzNews.az