Hüquqşünas bədii əsərləri ilə dünyanı fəth edir

29 Yanvar 2013 11:41 (UTC+04:00)


"...Ədəbiyyatda yalnız bir qanun var: oxucunun ürəyinə yol tapa bilmək. Bunu bacardınsa, deməli, səni tez bir zamanda tanıyıb sevəcəklər. Yox, əgər oxucu sevgisini qazana bilmədinsə, deməli, tezliklə unudulacaqsan. Bu həqiqi sevgidir..."

Bu fikirlərin müəllifi, görkəmli yazıçı, beynəlxalq cinayət hüququ üzrə fəlsəfə doktoru Vahid Məmmədlinin əsərləri ölkə-ölkə oxucuların qəlbini fəth etməkdədir.

V.Məmmədli Avropanın və Rusiyanın ən böyük nəşriyyatı sayılan "Eksmo" nəşriyyatının müəlliflərindən biri olmaqla, Rusiyada və Azərbaycanda bestsellerə çevrilən ("Tunc Allahın yükü", 2007, "Cəllad tələsməyi sevmir", 2008, "Heksogenli yol yoldaşı", 2010). bədii ədəbiyyat nümunələrinin müəllifi kimi tanınır.

V.Məmmədli həmçinin Rusiyanın ilk qansız döyüş romanının ("Tunc Allahın yükü"), Azərbaycanda isə dastan janrında yazılmış ilk epik əsər olan "Atropatena dastanı" (2010) trilogiyasının müəllifidir.

Son dövrlərdə yazdığı povest və hekayələr dünyanın bir çox ölkələrində böyük oxucu marağına səbəb olub, onu istedadlı yazıçı kimi tanıdıb. Onun qısa müddət ərzində böyük oxucu kütləsinin rəğbətini qazanması yüksək intellektə, dərin fəlsəfi düşüncəyə malik, maraqlı süjet xətti qurmağı bacaran və məhsuldar yazıçı olduğuna dəlalət edir.

V. Məmmədlinin əsərləri Rusiyada, İngiltərədə, Fransada, Avstriyada, Almaniyada, Hindistanda və dıgər ölkələrdə çap olunub.

Türkiyənin məşhur "İz yayınçılıq" nəşriyyatı yazıçının "Atropatena dastanı" romanının nəşr hüququnu 10 il müddətinə alıb və kütləvi tirajla çap edib. Əsəri Türkiyə türkcəsinə Azərbaycanda yaxşı tanış olan qələm adamı, İstanbul Universitetinin professoru, hüquq elmləri doktoru Fəthi Gədikli çevirib. Kitab bu həftədən qardaş ölkənin oxucularına təqdim olunacaq.

Artıq romanın digər dillərdə də çap olunması üçün dünyanın bir çox tanınmış nəşriyyatları ilə müəllif tərəfindən müqavilələr imzalanıb. Bu ilin may ayında dastanın Almaniya və Avstriyada, sentyabr ayında isə Bolqarıstan, Çexiya və Çində nəşrləri nəzərdə tutulur. Əsərin xaricdə bu qədər ilgi görməsinə əsas səbəb xarici tənqidçilərin V.Məmmədlinin tarixi keçmişimizi əks etdirən dastanının Tolkien, Maria Varqas Liosa, Kortasar və Nil Qeyman kimi məşhur yazıçıların əsərləri qədər möhtəşəm və orijinal olmasını vurğulamalarıdır.

AzNews.az