“Gənclər və İdman Nazirliyi çəkdiyim filmlərin 1%-i deyil” – “Yeddi Oğul İstərəm”-in "Bəylər"i

4 Fevral 2017 12:29 (UTC+04:00)

AzNew.az-a müsahibə verən kinorejissor Əbdül Mahmudov evinin qəzalı vəziyyətdə olduğunu, aidiyyatı qurumlara müraciət etsə də, şikayətinə baxılmadığını deyir:

“Mən min bir zülmlə tikdiyim evdə otura bilmirəm. Qapılar və pəncərələr bağlanmır. Divarlar çat-çat, az qalır uçsun. Mənə planlı şəkildə zülm edirlər. Səbəb nədir? Ağır texnikalar evimin ətrafında, səsdən yata bilmirəm. Hamımız qalmışıq çarəsiz. Kimlərsə buranı alıb tikinti aparır. Ağır texnikaların da silkələnməsi, zəlzələsi qəzalı vəziyyətdə olan evlərimizi acınacaqlı hala salıb. Evdə oturmaq olmur. Hara gedəsən, dərdini kimə deyəsən? Hara gedirsənsə qapılar üzümüzə bağlıdır. Belə də zülm olar?”

Əbdül Mahmudov qeyd edir ki, Azərbaycanın mədəniyyət sahəsində gördüyü işlərə baxmayaraq hazırda düşdüyü çıxılmaz vəziyyət onu çox narahat edir:

“Hacıbala Abutalıbov jurnalistlərə deyir ki, yağış yağanda arx qazın. Ondan soruşmaq lazımdır ki, bəs sənin işin nədir? Orada neynirsən? Ancaq yer satmaqla məşğulsan? Bakı boyda şəhərin rəhbərisən, əlində imkanın var. Əgər sənin əlinlə tikdiyin yeraltı yollar, küçələr, binalar dağılırsa, onda sən kimsən? Sənin işinin adı nədir? Biz çala-çuxur təmizləyək, sən də keyfini çək, camaatın evini uçurt?! O texnikanı, xidməti sən bizə ver, gör biz Bakını necə saxlayırıq. Təzə binalar, xalq, Bakı haqqında fikirləşməkdənsə, gələcək planları nəzərə almaqdansa, bunlar pulun xatirinə köhnə binaları iki metr də qabağa çəkirlər. Bunlar bu xalqdan, Bakıdan nə istəyir? Prezident göstəriş verir ki, şirkətlər insanlarla razılaşıb,onlardan xeyir-duasını alıb ondan sonra tikinti işlərinə başlasınlar. Bunların yadından xalq, qanun çıxıb.”

Kinorejissorun sözlərinə görə, hazırda paytaxtımızı “kaşa”ya döndəriblər.

“Televiziyada baxıram ki, Gənclər və İdman naziri Azad Rəhimov İslam Oyunlarına gələ bilməyən 7 ölkəyə yardım göstəriləcəyini deyir. Bu idmandır, gəlir-gəlsin, gözümüz üstə yerləri var, gəlmirsə… Camaat idmandan və onun oyunlarından pul qazanır. Məcbur deyil ki, gəlmirsə, biz ona niyə pul verməliyik? Niyə onu məcbur gətirməliyik? Belə pulun var gətir onu ver mənə, Allaha da xoş gedər. Əlimdə evimlə bağlı məhkəmə qərarı var, mən 50 il bu xalqa xidmət eləmişəm. Gənclər və İdman Nazirliyi gördüyüm işlər, yazdığım əsərlər, çəkdiyim filmlərin, apardığım təbliğatın 1%-i deyil . Yaxud da o biri nazirliklər. Əsərlərimə bütün dünya baxır. 7 ölkə üçün verəcəyin pulun bir hissəni gətir, mənim Hacıbala Abutalıbovun əli ilə uçurdulan evimi təmir etdir. Xahiş edirəm. Hacıbala Abutalıbov mənə deyir ki, sənin evini təmir etdirməyə pul yoxdur. Pulu yoxdursa o milyonlar hardandır?!”

Qeyd edək ki, Əməkdar incəsənət xadimi Əbdül Mahmudov “Axırıncı aşırım”da Bəylər, “Yeddi oğul istərəm”də Qasım, “Nəsimi”də Dərviş obrazıları ilə Azərbaycan kino tarixində silinməz izlər buraxıb. “Firəngiz”, “Üzü küləyə”, “Şəhərli biçinçilər”, “İki sahil”, “Gecə qatarında qətl” filmlərinin rejissorudur.

Bahar Rüstəmli

AzNews.az