Temperatur 8 dərəcə enəcək, qar yağacaq - Xəbərdarlıq

7 Fevral 2017 12:27 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, fevralın 8-də Bakıda və Abşeron yarımadasında Gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecəyə doğru sulu qara keçəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 1-3° isti, gündüz 5-8° isti, Bakıda gecə 1-3° isti, gündüz 5-7° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 85-95 %, gündüz 65-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarında səhər şimal rayonlarında, gündüz isə əksər rayonlarda arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 5-9° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.

Xəbərdarlıq

Fevralın 08-i gündüz şimal rayonlarından başlayaraq 11-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, sulu qar, qar yağacağı gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-8° aşağı enəcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.