Prodüserin məhkəməsində maraqlı faktlar üzə çıxdı – TƏFƏRRÜAT - FOTO

29 Yanvar 2013 15:31 (UTC+04:00)
Hazırda həbsdə olan "MM production"nun rəhbəri, tanınmış prodüser Emin Mansurovun Yasamal rayon Məhkəməsində keçirilən məhkəmə prosesi zamanı maraqlı faktlar üzə çıxıb. AzNews.az-ın məlumatına görə, E.Mansurov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunaraq, 6000 manat pulu mənimsəməkdə təqsirkar bilinir.

Məsələylə bağlı apardığımız araşdırma zamanı aşkarlanan faktları Emin Mansurovun yaxın dostu və tanınmış təşkilatçı Samir Xattab AzNews.az-a danışıb. O, açıqlamasında bildirib ki, məhkəmə prosesi zamanı hər iki tərəfin qarşılıqlı iddiaları və ittihamları dinlənilib: "Şikayətçi Tahirə xanım iddia edir ki, guya, Emin qızını işə düzəltmək üçün ondan 6400 manat pul alıb. Emin həmin məbləğin 500 manatını qaytardıqdan sonra, qalan 5900 manatı qaytarmayıb".

E.Mansurovun səsləndirilən iddialarla razılaşmayaraq, əsaslı arqumentlər göstərdiyini deyən S.Xattab, dostunun qarşılaşdığı hadisənin hakimə bildirdiyi fikirlərindən danışdı: "Emin çıxışında bildirdi ki, xanımın dedikləri yalandır. Səbəb isə xanımdan ayrı-ayrı vaxtlarda iki dəfə 2000 manat, cəmi 4000 manat borc pul alıb. Xanım Emindən xahiş edib ki, onun qızını tanışlarının vasitəsiylə banka işə düzəltsin, qarşılığında da "şirinlik" vermək üçün həmin puldan imtina edəcək.

Bundan sonra şikayətçinin qızı təcürəbə keçmək üçün banka iş düzəldilir. Amma qız sonradan işə getmir və imtahana qatılmır. Bir sözlə, işdən çıxır. Daha sonra şikayətçi xanım və qızı kreditə pul götürmək istəyiblər ki, yenə də Eminə müraciət ediblər. Emin də deyib ki, bunun üçün biznes plan tərtib olunmalıdır. Xüsusi şirkətlər var ki, həmin biznes planı hazırlayırlar. Buna görə 2400 manat Eminə verilib. Bunu isbat etmək üçün sənədlər də var. Müəyyən vaxt keçəndən sonra qadın deyib ki, mənim pulumu qaytar. Emin də "hazırda pulum yoxdur, amma pulunuzu verəcəyəm", deyə bildirib. Həmin ərəfədə Emin 500 manatı qaytarıb. Lakin 2400 manat da Emindən tələb olunur".

Prodüserin istintaqdan yayınmasına və axtarışda olduğuna toxunan S.Xattab bu məsələyə də Eminin münasibət bildirdiyini söylədi: "İstintaq zamanı Emin Cavid adlı müstəntiqlə danışıqlıqlar apardığını bildirib. Emin müstəntiqə dəfələrlə təklif edib ki, şikayətçi qadınla görüşsün. Onu da qeyd edib ki, bildiyimə görə, şikayətçi xanım qızına toy edir. Həmin toyu təşkil etməklə, mübahisəli pul məsələsini həll etmiş olarıq. Hətta qızın cehizlərinin alınmasına da kömək edə bilərəm. Sadəcə əlimdə pul yoxdur, amma bu kimi işlərlə razılığa gələ bilərik. Müstəntiq də bununla razılaşmayıb və Emin axtarışa verilib.

Emin isə iddia edir ki, son vaxta qədər müstəntiqlə telefonla danışırmış. Məhkəmə zalında şikayətçi xanım da söylənilən fikirlərə elə də etirazını bildirmədi".

S,Xattab məhkəmə zamanı şikayətçi xanımın sələmlə borc pul verdiyini iddia edib: "Hakim məsələyə ədalətli yanaşır. Məhkəmə zamanı şikayətçi xanımın borc pul verməklə məşğul olması da məlum oldu. Hətta, məhkəmə salonunda olan bir nəfər şəxs xanımı göstərək, ondan faizlə borc pul aldığını dedi".

Qeyd edək ki, təqsirkarlandırılan prodüser E.Mansurov sentyabr ayından həbsdədir.

Fuad Mədətov
AzNews.az