Avtobuslar yenidən nömrələnəcək

29 Yanvar 2013 16:01 (UTC+04:00)


Bakıda nəqliyyatın hərəkətinin optimallaşdırılması istiqamətində işlər davam etdirilir.Paytaxtda fəaliyyət göstərən daha 43 avtobus marşrutu xəttinin 2013-cü il ərzində ləğvi planlaşdırılır.

Eyni zamanda Bakıda fəaliyyət göstərəcək marşrut xətləri yenidən nömrələnəcək və bəzi marşrutlara yeni nömrə veriləcək. ümumiyyətlə şəhərin mərkəzində şütüyəcək avtobuslara 1-dən 50-dək nömrələrin verilməsi planlaşdırılır. Məsələ ilə bağlı artıq sərnişindaşıma ilə məşğul olan şirkətlərə xəbərdarlıq edilib. Bəzi marşrut avtobuslarına xəttin gələcək nömrəsinin neçə olması ilə bağlı elanlar da yerləşdirilib.


Bakıda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin hesabatında qeyd olunur ki, mövcud olan marşrut xətlərində dəyişikliklər edilərək 217 sayda marşrutun optimallaşdırılmasından sonra 174 sayda marşrutun saxlanması nəzərdə tutulub. Keçən il marşrutlar üçün pasport nümunəsinin və sxemlərinin elektron xəritəsinin hazırlanması ilə bağlı müvafiq işlər görülüb.

Hazırda Bakı şəhər marşrutlarında cəmi 2321, o cümlədən 1423 iri tutumlu, 985 orta tutumlu və şəhərətrafı marşrutlarda 13 kiçik tutumlu avtobuslar istismar olunur. Dayanacaqların quraşdırılması ilə bağlı aidiyyəti qurumlarla birgə işlər aparılıb. Nəzərdə tutulmuş 664 dayanacaqdan 640-ı quraşdırılıb, qalan 24 dayanacağın quraşdırılması isə şəhərdə gedən tikinti işləri ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyəti tərəfindən müvəqqəti olaraq dayandırılıb. Dayanacaqlarda sərnişinlərin təhlükəsizliyi üçün vacib olan 61 "cib" inşa edilmişdir və bu işlər davam etdirilir.


Şəhərin bir çox yerlərində yaradılması nəzərdə tutulmuş müasir taksi dayanacaqları üzrə 79 dayanacağın ünvanları sxematik olaraq tərtib olunub və müvafiq sənədlər aidiyyəti orqanlarla razılaşdırılaraq pasportlaşdırılıb. Əlavə taksi dayanacaqlarının yaradılması üçün sənədlər hazırlanır. Taksi xidmətinin müasir standartlar səviyyəsində təşkili üçün şəhərin taksi parkının yeniləşməsi istiqamətində işlər görülüb.

Bakıda müasir taksi xidmətinin təşkili məqsədilə 1000 ədədi TX4 markalı (London Taksi) taksi minik avtomobilləri olmaqla 1203 ədəd taksi minik avtomobilləri gətirilərək istismara verilib. Bu taksilərə sayğac quraşdırılıb, taksi sürücüləri vahid geyim forması ilə təmin edilib.

AzNews.az