Dünya mediası Lapşinin Azərbaycana gətirilməsindən yazdı

8 Fevral 2017 15:36 (UTC+04:00)

Missiya.az xəbər verir ki, dünyanın nüfuzlu xəbər agentlikləri və saytları Lapşinin Azərbaycana gətirilməsini müxtəlif başlıqlarla dərc edib.

Aleksandr Lapşinin Azərbaycana təhvil verilməsi ilə bağlı Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, İsrail, Ermənistan və Avropa mətbuatına xəbərlər tirajlanıb.

Türkiyənin «Haberler.com», «Milliyet.com» «İha.com» və digər nüfuzlu agentlikləri "Dağlıq Qarabağa icazəsiz səfər etmiş rus bloger Aleksandr Lapşin Azərbaycana təhvil verildi", "Rus bloger Azərbaycana təhvil verildi" başlıqları ilə Lapşinin Azərbaycana verilməsini ölkəmizin uğuru kimi dəyərləndiriblər.

Rusiya və İsrail mətbuatı da Lapşinin Azərbaycana gətirilməsini geniş şəkildə işıqlandırıb.

İsrailın əksər mətbuat orqanları Lapşinlə bağlı xəbərləri «Rusiya, İsrail və Ermənistanın etirazlarına baxmayaraq, Belarus Lapşini Azərbaycana təhvil verdi» kimi cümlələrə təqdim edib.

Lapşinin Azərbaycana təhvil verilməsinə açıq etiraz edən Rusiya mətbuatı bloggerin xüsusi təyyarə və qandallı şəkildə xüsus təyinatlı qrup tərəfindən gətirilməsinə diqqət çəkib.

Ermənistan mətbuatı isə Lapşinin Azərbaycana təhvil verilməsi ilə Dağlıq Qarabağa turist səfərlərinin azalacağına diqqət çəkib. Mətbuat Dağlıq Qarabağa səfər edən xarici ölkə vətəndaşlarının bundan sonra ikinci dəfə düşünəcəyini yazıb. Yəqin ki, Azərbaycan və Belarus hakimiyyətlərinin qətiyyətli addımları nəticəsində cəzalandırılan Lapşin Qarabağa qanunsuz səfər etməyə hazırlaşan xarici ölkə vətəndaşlarına və siyasi fəallarına bir "dərs" olar.

Qeyd edək ki, Lapşin Bakıya ötən gün axşam saatlarında gətirilib. Lapşin Rusiya, İsrail və Ukrayna vətəndaşıdır.

Xatırladaq ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Aleksandr Lapşin Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Pasportlar haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olub, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus “http//puerrtto.livejournal.com” səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.

A.Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində fakta görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələnaçıq çağırışlar) və 318.2ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və barəsində dövlətlərarası axtarış elan edilib.

AzNews.az