Azərbaycan müxalifəti dini kəsimə vədlər verdi

29 Yanvar 2013 16:49 (UTC+04:00)
Bu il oktyabrın 16-da prezident seçkisi keçiriləcək. Prezidentliyə potensial namizədlərin dini kəsimə nə vədləri var? "Media forum" bu sualla Müsavat Partiyasının başqanı İsa Qəmbərə, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadəyə, Ziyalılar Forumunun üzvü, politoloq Eldar Namazova müraciət edib.

İnanclı insanların problemlərini daim diqqətdə saxladığını deyən İsa Qəmbər seçki kampaniyasında bu təbəqəyə də mesaj ünvanlanacağını vurğulayıb: "Rəhbərlik etdiyim partiya ölkədə məscidlərin bağlanması, Azərbaycan İslam Partiyasına təzyiqlər, dini fəalların həbsi kimi narahatlıq yaradan məsələlərə hər zaman həssas yanaşıb, münasibətini də bildirib.

Seçkidə iştirak haqda qərar vermişəmsə, bütün xalqa mesajım olacaq. İnanclı, mömin insanlar da bizim qardaşlarımız, vətəndaşlarımızdır, bu zümrəyə təkliflərimi, fikirlərimi bildirəcəyəm. Onların da bəzi spesifik narahatlığı var və bu nəzərə alınmalıdır. Azərbaycanda "Dini etiqad azadlığı haqqında qanun" olduğuna görə dini kəsimin hüquqları yüksək səviyyədə qorunmalıdır və qorunacaq".

Eldar Namazov inanclı insanları milli-mənəvi dəyərlərə sadiq təbəqə kimi qiymətləndirib: "Dini kəsimdən olan hər bir şəxs Azərbaycan vətəndaşıdır və köklü demokratik dəyişikliklərdə onların rolu vacibdir. Avtoritarizmlə demokratiya arasında seçim həm də şərlə xeyir arasında seçim deməkdir. Halal və haram anlayışı təkcə qidaya şamil edilmir. Seçki saxtakarlığı yolu ilə qazanılmış mandat, korrupsiya hesabına xalqın var-dövlətini talamaq, varlanmaq da haram əməllərdir. Çox sevinirəm ki, Azərbaycanın inanclı insanları ölkənin ictimai-siyasi həyatında daha fəal rol oynamağa başlayıb. Əminəm ki, biz hamımız bir yerdə demokratik keçidi təmin edəcəyik".

İqbal Ağazadə prezident seçkisinə qatılacağı təqdirdə ölkənin hər bir vətəndaşına eyni qaydada müraciət edəcəyini deyib: "Ümid Partiyası Azərbaycanda ideologiyanı əsas götürməyən yeganə siyasi təşkilatdır. Hər bir partiya sağ, sol, azərbaycançılıq, müsavatçılıq, liberalizm kimi konkret ideoloji seçim edir. Biz ideologiyaları əsas götürməyərək demokratiyaya, insan haqlarına hörmət edən, onu yaşam tərzinə çevirən hər bir Azərbaycan vətəndaşına sıralarımızda yer ayırırıq. İnanclı insanları, dini dəyərləri öz yaşam tərzində üstün mövqedə tutanları da Azərbaycan vətəndaşları hesab edirik".

Dinin hakimiyyətə daşınmasının tərəfdarı olmadığını deyən partiya rəhbəri buna baxmayaraq öz seçki platformasında dindar təbəqəyə verilən hüquqların qorunması istiqamətində fikirlərə geniş yer ayrıldığını deyib: "Dini təbəqənin hüquqlarının qorunması, azad şəkildə inanclarını yerinə yetirməsi, din, təriqət, cərəyan seçməsi və yaşam tərzini seçiminə uyğunlaşdırmasına şərait yaradan platformamız var. Dövlətin insanların yaşam tərzinə müdaxilə etməsinin əleyhinəyik. Dövlət qanunlarla idarə olunur. Dövlətçilik qanunlar bazası ilə yaradılır. İnsanlar isə seçimlərində azaddır. Amma yaşam tərzinin hakim ideologiyaya çevrilərək başqalarının üzərində təbliğ edilməsinin və ya dövlət quruluşunu buna uyğunlaşdırmağın tərəfdarı deyilik".

AzNews.az