DİN-in razılığı tələb olunacaq - Yol tikintisi zamanı

10 Fevral 2017 10:40 (UTC+04:00)

APA-nın məlumatına görə, bu Qayda avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri işlərinin avtomobil yollarının bilavasitə altında və ya yolların kənarı boyunca müvafiq olaraq təhkim və ya qorunma (mühafizə) zolaqlarında yerləşən mövcud mühəndis-kommunikasiya təminatı sistemlərinə daxil olan qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya təminatı vasitələrini və qurğularını istismar edən qurumların işləri ilə uzlaşdırılması qaydasını müəyyən edir.

Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri işləri aparılarkən, mühəndisi kommunikasiyaların dəyişdirilməsi, köçürülməsi, yenidən qurulması avtomobil yollarının və mühəndisi kommunikasiyaların mülkiyyətçilərinin, yerli icra hakimiyyəti orqanlarının və Daxili İşlər Nazirliyinin razılığı ilə qüvvədə olan normativ və layihə-smeta sənədləri əsasında həyata keçirilir. Avtomobil yollarının və mühəndisi kommunikasiyaların mülkiyyətçiləri tərəfindən verilmiş texniki şərtlərin tələbləri məcburi xarakter daşıyır. Mühəndisi kommunikasiyaların dəyişdirilməsi, yenidən qurulması və ya təmiri (fövqəladə hadisələr, habelə qəza təhlükəsinin aradan qaldırılması ilə bağlı işlərin görülməsi zərurəti ilə əlaqədar hallar istisna olmaqla) işləri avtomobil yollarının mülkiy-yətçilərinin (sahiblərinin) və digər mühəndisi kommunikasiyaları istismar edən qurumların verdikləri texniki şərtlərə əsasən hazırlanmış layihə-smeta sənədlərinə uyğun həyata keçirilir. Avtomobil yolları və yol qurğuları mülkiyyətçilərinin kommunikasiyaların çəkilməsi ilə bağlı verdikləri icazə halları istisna olmaqla, bu işlər Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun müəyyən edilmiş qaydada müvafiq yerli icra hakimiyyəti orqanlarının icazəsi əsasında yerinə yetirilir. Tikinti layihəsində nəzərdə tutulmuş işlərin görülməsi üçün avtomobil yollarının mülkiyyətçilərindən (sahiblərindən) və Daxili İşlər Nazirliyindən razılığı tikintiyə icazə verən orqan alır. Dövlət avtomobil yollarında aparılan tikinti, yenidənqurma və təmir işləri ilə əlaqədar (fövqəladə hadisələr, habelə qəza təhlükəsinin aradan qaldırılması ilə bağlı işlərin görülməsi zərurəti ilə əlaqədar hallar istisna olmaqla) yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qərar Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası tərəfindən qəbul edilir.

Avtomobil yollarının mülkiyyətçiləri (sahibləri) tərəfindən tikinti, yenidənqurma və təmir işləri aparılacaq avtomobil yollarının siyahısı tərtib edilərək, növbəti təqvim ilinin başlanılmasına ən azı 2 ay qalmış aidiyyəti mühəndisi kommunikasiyaların mülkiy-yətçilərinə təqdim edilir. Mühəndisi kommunikasiyaların mülkiy-yətçiləri həmin siyahılara daxilolma tarixindən etibarən 10 müddətində baxır və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi məsələlərinə dair rəylərini avtomobil yollarının mülkiyyətçilərinə (sahiblərinə) bildirirlər. Fövqəladə hadisələr, habelə qəza hallarında avtomobil yollarının mülkiyyətçiləri (sahibləri) tərəfindən bu barədə mühəndisi kommunikasiyaların mülkiyyətçilərinə, yerli icra hakimiyyəti orqanlarına və Daxili İşlər Nazirliyinə faksla və ya elektron imza ilə təsdiq edilməklə, elektron poçt vasitəsilə məlumat (bildiriş) verilir və mühəndisi kommunikasiyaların mülkiyyətçiləri tərəfindən dərhal baxılır və razılaşdırılır.

Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri işlərinin layihələndirilməsi zamanı şəhərsalma və tikintiyə dair normativ sənədlərə əsasən mühəndisi kommunikasiyaların mövcud yolun altından kənarlaşdırılaraq ayırıcı zolağa və ya piyada səkilərinə köçürülməsi, yerli şərait buna imkan vermədiyi halda yolun altında tikilən tunel və ya düzbucaqşəkilli dəmir-beton qurğu-kanal daxilində müvafiq qaydada yerləşdirilməsi, bu tədbirlər maliyyə və texniki cəhətdən səmərəli olmadıqda isə aidiyyəti təşkilatlarla razılaşdırılmaqla, digər alternativ variantlar nəzərdə tutulmalıdır. Mövcud mühəndisi kommunikasiyalarda tələb olunan işlər avtomobil yollarının və mühəndisi kommunikasiyaların mülkiyyətçiləri tərəfindən razılaşdırılmış müddətdə tam başa çatdırıldıqdan sonra avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri işləri aparılır. Fövqəladə hadisələr, habelə qəza hallarının aradan qaldırılması istisna olmaqla, tikilmiş, yenidən qurulmuş və təmir edilmiş avtomobil yollarının örtüklərinin qazılmasına tikinti normalarında nəzərdə tutulmuş təmirlərarası müddətlərdə yol verilmir. Avtomobil yollarının mülkiyyətçiləri (sahibləri) tərəfindən avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri işlərinin aparılması mühəndisi kommunikasiyaların dəyişdirilməsinə, köçürülməsinə, yenidən qurulmasına və ya təmirinə zərurət yaratdıqda və həmin işlərin görülməsi mühəndisi kommunikasiyaların mülkiyyətçilərinin investisiya proqramına daxil edilmədikdə, bu işlər avtomobil yollarının mülkiyyətçilərinə (sahiblərinə) dövlət büdcəsindən və ya qanunvericiliyə zidd olmayan digər mənbələrdən ayrılan vəsait hesabına həyata keçirilməlidir.

Mühəndisi kommunikasiyalarda fövqəladə hadisələr, habelə qəza halları baş verdikdə, təmir işləri onları istismar edən qurumların vəsaiti hesabına həyata keçirilir. Avtomobil yollarının mühəndisi kommunikasiyalarla kəsişməsi zamanı tikinti, yenidənqurma və təmir işləri aşağıdakılar təmin edilməklə aparılmalıdır:

- şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə riayət olunması;

-mühəndisi kommunikasiyaların normal işinin təmin olunması;

- piyadaların və nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətinin təmin edilməsi. Bu mümkün olmadıqda, alternativ marşrutları təmin etmək şərtilə piyadaların və nəqliyyat vasitələrinin hərəkətinin müvəqqəti olaraq, tam və ya qismən dayandırılması.

AzNews.az