Azərbaycanda Jandarm strukturuna keçid

30 Yanvar 2013 01:07 (UTC+04:00)


Azərbaycanda yeni silahlı birləşmə növünün yaradılması barədə məlumatlar verilir. Bildirilir ki, bununla bağlı təkliflər yenidən hazırlanan "Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında" qanun layihəsində əksini tapıb. Məlumatına görə yeni təkliflər daha çox hazırkı Daxili Qoşunlar strukturunun yeni Jandarma strukturu ilə əvəzlənməsini və yeni sistemin daha da təkmilləşdirilməsini, yaxud Daxili Qoşunlarla yanaşı, yeni birləşmənin yaradılmasını nəzərdə tutur. Eyni zamanda qanun gələcəkdə əlavə silahlı birləşmələrin yaradılmasına da imkan verir.
Bununla bağlı AzNews.az-ın suallarını cavablandıran deputat Zahid Oruc bildirib ki, parlamentin yaz sessiyasına təmsil etdiyi komitə hərbi qulluqçuların statusu haqqında məsələnin müzakirəsini təklif edib. Onun sözlərinə görə, əvvəlki sessiya dövründə də bu təklif irəli sürülüb. Amma irəli sürülən təklif müvafiq hökumət qurumlarının da rəyini almalıdır:

"Altı dövlət qurumlarından dördünün rəyi əsasında o sənəd qaldı. Yəqin ki, artıq bu məsələdə anlaşmazlıq doğuran məqamlar başa çatıb. Ona görə də güman edirəm ki, bu sessiyada bu qanunun yeni versiyada qəbulu mümkün olacaq. Silahlı qüvvələr və digər hərbi birləşmələr haqqında qanun layihəsi də rəyə göndərilən sənədlər siyahısındadır. Hesab edirəm ki, bunlar da mahiyyətcə yeni hərbi birləşmələrin və yeni qoşun növlərinin yaradılmasına dəlalət edəcək xüsusi bir sənəd deyil. Bu, ümumiyyətlə baza qanunudur. Faktiki olaraq hazırda ölkədə müxtəlif növləri var. Amma bizim nəzərdə tutduqlarımız isə məhz Konstitusiya ilə müəyyənləşməlidir ki, format necə olmalıdır. Sabah hansısa fərqli xarakterli silahlı qüvvə yaradılanda da məhz o baza qanununa istinad olunmalıdır".

Z.Orucun qənaətincə, sözügedən qanunda hökumətin hansısa xarakterli hərbi birliyi yaratması üçün müddəa əksini tapmayıb:

"Elə məsələləri belə xarakterli qanunlar tənzimləmir. Amma bu başqa bir söhbətin mövzusudur ki, əgər Azərbaycanda Daxili Qoşun birləşmələrinin Jandarm heyətinə və yaxud da başqa bir formata çevrilməsi məsələsi nə zamansa reallaşa bilər. Bu, isə Milli Məclisin deyil, dövlət başçısının səlahiyyətindədir. Əlbəttə ki, sonrakı mərhələdə qanuni baza yaratmaq parlamentin üzərinə düşür, amma Ali Baş Komandanın qərarı ilə bu məsələyə baxmaq olar".

Deputat onu da bildirib ki, sözügedən sənədin müvafiq qurumlara göndərilməsi prosesi bir il əvvəl baş tutub:

"Bununla əlaqəli məsələlərin daxili siyasət, ictimai münasibətlər sistemi ilə heç bir əlaqəsi ola bilməz. Hətta bu barədə fikirlərin ağıla gətirilməsi birmənalı olaraq artıqdır".

Gültəkin
AzNews.az