Elşad Abdullayev bu gün yeni video yayacaq

30 Yanvar 2013 09:29 (UTC+04:00)


Qardaşı Mahir Abdullayevin oğurlanması ilə bağlı şübhəli qismində həbs edilmiş iş adamı Arzu Kazımovu ifşa etmək üçün yaydığı son videodan sonra sabiq ABU rektoru E.Abdullayevin atacağı növbəti addımlar diqqət doğurur. Sabiq rektorun növbəti planı nədir?

E.Abdullayevin sözçüsü Elnur Məcidli "Yeni Müsavat"a açıqlamasında deyib ki, hazırda yeni video üzərində işləyirlər və onu yaxın saatlarda yayacaqlar. E.Məcidlinin sözlərinə görə, bu video da Arzu Kazımovun ifşasına həsr olunub:

"Yayılan hər yeni video istintaqın gedişinə təsir göstərmək məqsədi daşıyır. Bu video da Arzu Kazımovun ifşasına yönəlib. Məqsəd Arzu Kazımovun və vəkilinin yalanlarını ortaya çıxarmaqdır. Arzu Kazımovun vəkili bizi məcbur edir ki, biz onun müdafiə etdiyi şəxs haqqında daha geniş və ətraflı videolar yayaq. Əslində hazırda Arzu Kazımova ən böyük zərəri onun vəkili vurur".

E.Məcidli E.Abdullayevin bu gün yeni bir plan hazırladığını söyləyib. Kimsənin duyuq düşməməsi üçün onu indidən açıqlamadıqlarını deyən E.Məcidli bu planın da işin gedişi üçün əhəmiyyət daşıyacağını vurğulayıb.

AzNews.az