Dialoq niyə baş tutmur?

30 Yanvar 2013 09:51 (UTC+04:00)





"İqtidar beynəlxalq təşkilatlar qarşısında guya müxalifətlə dialoqa hazır olduğunu və yaxın zamanlarda bu dialoqa start veriləcəyini bəyan edir. Amma bunu həyata keçirmir. Nə Azərbaycanda, nə də beynəlxalq təşkilatlarda iqtidarın xalqla, müxalifətlə dialoqa gedəcəyinə inam qalmayıb".

Bu sözləri AzNews.az-a açıqlamasında Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı deyib. Partiya funksioneri bildirib ki, beynəlxalq təşkilatlar da belə bir dialoqun baş tutacağından əlini üzüb:

"Dəfələrlə bəyan etmişik ki, ölkənin milli problemləri ilə bağlı dialoqa hazırıq. Bu dialoq Qarabağ məsələsi, seçki qanunvericiliyini təkmilləşməsi ilə bağlı ola bilər. Bu cür dialoqlarda iştirak etmək təklifi olunarsa, iştirak etməyə hazırıq".

Başqan müavini qeyd edib ki, hakimiyyət müxalifətlə dialoqa getməkdən çəkinir:

"Azərbaycan hakimiyyət səhvlərə yol verdiyini anlayır. Belə davam edərsə, ölkə idarəolunmaz vəziyyətə gələ bilər. Hakimiyyət müxalifətlə dialoqdan ona görə çəkinir ki, onlar müxalifətin suallarını necə cavablandıracaqlar. Ölkədə narazılıqların yatırılması üçün müxalifətə müraciət edəcəklərsə, təbii ki, bu, alınmayacaq. Narazılıqları yatırmaq müxalifətin işi deyil, bununla hakimiyyət məşğul olmalıdır. Bu da hakimiyyətin islahatlar aparması nəticəsində ola bilər. Hakimiyyətin isə bu islahatları aparmasına siyasi iradəsi yoxdur. Dialoqdan çəkinmələrinin səbəbi budur".

İlkin
AzNews.az