Hacıbala Abutalıbovun daha bir “bağça əməliyyatı“

30 Yanvar 2013 09:58 (UTC+04:00)
Bakının Xətai rayonu Məhəmməd Hadi küçəsində yerləşən 236 saylı bağça dünəndən fəaliyyətini dayandırıb. Valideynlərin AzNews.az-a verdiyi məlumata görə, səhər uşaqları bağçaya apardıqları halda günorta gözlənilmədən uşaqları götürmək üçün bağçaya çağırılıblar:

"Gedəndə gördük ki, bağçanın qrup otaqlarında hər şey toplanır. Bildirdilər ki, bağçada çoxdan planlaşdırılan təmir işləri aparılacaq, ona görə də Bakı Şəhər İcra Hakimiyyəti bağçanın boşaldılmasının tələb edir".

Valideynlər bildiriblər ki, onlara əvvəlcədən xəbərdarlıq edilmədən bağçanın fəaliyyətinin dayandırılması problemlər yaradıb:

"Valideynlərin əksəriyyəti işləyir. Bağçanı qışın ortasında bağladılar, bizim də uşaqlarımızı heç bir bağçaya yerləşdirmədilər. İndi məcbur qalmışıq ki, işə getməyib uşaqları evdə saxlayaq. Çünki heç bir bağça uşaqlarımızı qəbul etmir. Deyirlər ki, yer yoxdur. BŞİH-dən tapşırıq var ki, hər qrupda 20-dən artıq uşaq olmasın. Bəs bizim uşaqlarımız hara getsin?"

Valideynlər məsələ ilə bağlı dünən BŞİH-ə müraciət etsələr də onlara qəti cavab verilməyib:

"Biz heç kəsin qəbuluna düşə bilmədik. Ancaq telefonla əlaqə saxlaya bildik. Onda da dedilər ki, uşaqları yerləşdirmək mümkün olmayacaq. Olmaz ki təmiri yay aylarında aparsınlar, yaxud uşaqları başqa bağçada yerləşdirsinlər? Təkcə biz yox, bağçada məskunlaşan məcburi köçkün ailələri də pis vəziyyətdədir. Onları da hələ yerlə təmin etməyiblər. Amma elə dünəndən söküntü işlərinə başlayıblar".

Valideynlərin sözlərinə görə, vəziyyətdən çıxış yolu tapmaq üçün bu gün Bakı meri Hacıbala Abutalıbovun qəbuluna gedəcəklər.

BŞİH-dan isə AzNews.az-a bildirdilər ki, ba]çanın təmirə dayandırılması çoxdankı plandır və bunla bağlı bağça rəhbərliyinə məlumat verilib:

"Onların niyə valideynlərə məlumat verməməsi isə bizə bəlli deyil".


Qeyd edək ki, bağçanın bağlanması ilə əlaqədar tərbiyəçilər və digər əməkdaşlar öz hesablarına qeyri-müəyyən müddətə məzuniyyətə göndərilib.

Elnarə Əlosmanqızı
AzNews.az