Radikal məmurlar

30 Yanvar 2013 10:59 (UTC+04:00)


Elxan SALAHOV

2013-cü il başlanandan Azərbaycan cəmiyyətinin başı qalmaqallardan açılmır. Hər gün narazılıq, hər yerdə etiraz. Sanki hər kəsin əsəbləri tarıma çəkilib, haqlı olan da etiraz eləyir, bu etirazı yaradan səbəblərin başında duranlar da. Böyük əksəriyyət bütün baş verənlərə bir prizmadan baxır: seçki ilində bu cür ictimai fəallıq, hakimiyyətin sosial siyasətindən narazı kəsimin ictimai fəallıq göstərməsi, siyasi hərarətin artması normal və gözləniləndi. Əslində isə baş verənlərin siyasətə heç bir aidiyyətinin olmadığı ortadadır. Bir aya yaxındır gündəmi zəbt edən etirazların hansısa birində bircə dənə də olsun, siyasi tələb eşidilməyib. Əksinə, bu aksiyaların, etirazların hamısının kökündə məmur özbaşınalığından və yarıtmazlığından dolayı sosial narazılıqlar dayanır...

Hər şey bir həftəlik yeni il istirahətindən sonrakı ilk iş gününün uğursuzluğu ilə başladı. Yanvarın 7-də Daşkəsən rayonundakı "N" saylı hərbi hissədə 3 ayın əsgərinin müəmmalı ölümündən başlanan narazılıq paytaxtda gənclərin hərbi hissələrdəki özbaşınalıqlara, hərc-mərcliyə etiraz aksiyası ilə daha da qızışdı. Bu aksiyadan dolayı emosiyalar soyumamış İsmayıllı hadisələri başladı. Cızığından çıxmış məmur övladları gecənin bir aləmində kasıb və yoxsulluq vəziyyətində yaşayan ismayıllıların gözü qarşısında kef məclisi qurub əyləndikdən sonra onlara hərbə-zorba gəlməsi, nalayiq söyüşlərlə təhqir etməsi rayon gənclərinin gərilən əsəblərini daşırdı. Yoxsul şəraitdə yaşayan, işsiz-gücsüz gənclər rayonu idarə edən məmurların özbaşınalıqlarına, övladlarının isə belə harınlaşmadan dolayı şıltaqlığına dözməyib ayağa qalxdı. Bir neçə saatın içərisində təkcə İsmayıllı özü yox, burdan yayılan səs-küy bütün ölkəni lərzəyə saldı.

Əslində isə baş verənlərin kökündə sosial ədalətsizliyin dayandığı, etirazların məhz məmur yarıtmazlığından doğduğu hər kəsə aydındır. Döyülməklərinə, həbs olunmaqlarına baxmayaraq, iki gün ərzində silahlanmış polisin qarşısında duruş gətirən ismayıllıların bircə tələbi vardı: icra başçısı (rayon rəhbərliyi yox ha, məhz icra başçısı – E.S.) istefa verib qohumları (müavinləri, polis rəisi yox – E.S.) ilə birgə rayonu tərk etsinlər. Üstəlik onlar bu aksiyanın ölkə rəhbərliyinə qarşı olmadığını, əksinə, prezidentin siyasətini dəstəklədiklərini də açıq şəkildə elan etdilər. Bundan bir qədər əvvəl Qubada baş vermiş etiraz aksiyalarının da tələbi eyni idi. Ancaq İsmayıllıdan fərqli olaraq, qubalılar elə həmin etirazlarla yerli hakimiyyəti devirməyə, icra hakimiyyəti başçısının rayondan çıxıb getməsinə nail ola bilmişdi.
Belədə maraqlı bir sual ortaya çıxır: İsmayıllıda, Qubada və başqa regionlarda işsizliyin, sosial ədalətsizliyin uzun illərdir davam etməsi fonunda yerli əhali niyə indi etiraz edir? Axı, indiki vəziyyət 6 ay, 1 il, hətta 5 il əvvəlkindən pis deyil. Elə 5 il bundan əvvəl də ölkədə, regionlarda, kənd yerlərində əhali işsizlikdən, sosial ədalətsizlikdən, məmur özbaşınalığından əziyyət çəkirdi. Bircə fərq var: indi narazı kütlə öz etirazlarını daha açıq şəkildə ifadə edə, lazım gəldikdə küçələrə çıxıb haqlı tələblərini ölkə rəhbərliyinə, ictimaiyyətə elan edə bilir. Onlar seçki ilində bu narazılıqların nəzərə alınmasını, sosial ədalətsizliyə, məmur özbaşınalığına son qoyulmasını, daha sağlam və şəffaf oyun qaydaları tətbiq olunmasını tələb edir.

Bəs, kimdir günahkar: küçələrə axışıb haqsızlıqlara, sosial bərabərsizliyə etiraz edənlərmi, yoxsa ölkənin inkişafına, insanların sosial həyat şəraitinin yaxşılaşmasına, işsizlərin işlə təmin olunmasına məsuliyyət daşıyan məmurlar? Təbii ki, əsas günahkar ikincilərdir. Məmurlar neft pullarının ölkəyə axını şəraitində insanların sosial problemlərini həll etmək əvəzinə bu pulları oğurlayıb sosial problemlər məngənəsində çabalayanların gözü qarşısında özlərinə imarətlər, malikanələr quranda nəticə belə olur.

Günahkar ona görə məmurlardır ki, neft pulları sadə insanlara, onların sosial problemlərinin həllinə yox, öz bizneslərinin genişləndirilməsinə xərclənir. Bu oğurluqlar olmasaydı, gizli iqtisadiyyatın genişlənməsinə imkan verilməsəydi, indi ölkədə nə bu qədər işsizlik olardı, nə də sosial ədalətsizlik bu qədər genişlənməzdi. Əvəzində gücdən düşmüş iqtisadiyyatımız dirçələrdi.

Məmurlar ona görə günahkardır ki, 10-15 il ərzində oturduqları kreslolardan bu vəziyyətdən çıxış yolu axtarmayıb, sosial problemlərin həllinə yönəlik ciddi islahatlar aparmayıblar. İndiyədək hansısa nazirdən, komitə rəhbərindən ölkə iqtisadiyyatını dirçəltmək üçün bircə dənə ağıllı təklif eşitmisinizmi? Yox! Heç kəs iddia etmir ki, bu ölkədə, daha doğrusu, indiki iqtidarda bacarıqlı, istedadlı məmur yoxdur. Var, amma onlar öz istedad və bacarıqlarını rəhbərlik etdiyi sahədə hansısa irəliləyişə nail olmağa xərcləmək istəmirlər. Əvəzində öz bacarıqlarını özlərinin varlanmasına, büdcə və neft pullarının oğurlanması hesabına bizneslərini genişləndirməyə xərcləyiblər. İndiyədək heç bir nazir ölkədəki sosial-iqtisadi problemlərdən çıxış yollarına dair bir dəfə də olsun məqalələrlə çıxış etməyib. Əvəzində öz yaradıcılıq və istedadlarını rəsmi qəzetlərdə palaz-palaz mədhiyyələrə, uydurma rəqəmlərlə dolu hesabatlara xərcləməkdən yorulmurlar.
Sonra da bu yalanlara, saxtakarlıqlara, ədalətsizliyə etiraz edənləri dövlətə, hakimiyyətə qarşı çıxmaqda ittiham edirlər. Özü də radikal şəkildə. Döyüb söyməklə, həbsə atmaqla qorxudurlar insanları. Güzgüyə baxıb öz adlarını özgələrə qoyurlar.

Nə özünüzü, nə də başqalarını aldatmayın, cənab məmurlar!
Böyük həvəslə vaxt və yaradıcılığınızı xərclədiyiniz bu yalanlar indi heç kəsə lazım deyil. İndi ölkədə və dünyada siyasi konfiqurasiya dəyişir, Azərbaycana və dünyaya yalançı vədlər, sosial haqsızlığa etiraz edənlərə qarşı radikallıq yox, hamımıza ziyan gətirən əməllərdən çəkinib dövlətə və xalqa xeyir verə biləcək işlərdən yapışmaq lazımdır. Bəlkə onda bu insanlar sizin on illər boyunca üst-üstə yığdığınız günahlarınızı bağışlayar!