İranla “Koroğlu” davası başlayır

30 Yanvar 2013 11:07 (UTC+04:00)


Tar musiqi alətini özününkü kimi YUNESKO-da qeydə aldıracağını deyən İran bu dəfə başqa sevdaya düşüb. Farslar bu dəfə də "Koroğlu"nu istəyir.

Bu barədə məlumat İran mətbuatında yer alıb. Nəvab Səfəvi 21 qoldan ibarət olan "Koroğlu"nu İranın milli-mədəni irs nümunəsi kimi Mədəniyyət Nazirliyində qeydə alındığını bildirib. Onun sözlərinə görə, "Koroğlu"nun İranın milli-mədəni irs nümunəsi olmağı ilə bağlı YUNESKO-ya müraciət hazırlanır.

Azərbaycanın YUNESKO üzrə eksperti Sənubər Bağırova isə AzNews.az-a açıqlamasında xaric ölkələrin alimlərinin uzun müddətdir ki, bu təhqiqatla məşğul olduğunu bildirdi: "Mənim tanıdığım Amerika və bir fars xanım alim var. Hansı ki, bu fars xanım İrandan çıxıb Amerikada yaşayırdı. Onlar uzun zamandır ki, "Koroğlu"nun təhqiqatını aparırdılar. Onlar "Koroğlu"nu həm nota, həm də qələmə almışdılar. Farslar nəyi nəzərdə tutub, bu dastanı özününküləşdirməyə cəhd edirlər? Onların ərazisindən bəhs edən bir dastandır ona görə?
Bu geniş yayılan xalqlarda mümkün olan şeydir. Amma bu o demək deyil ki, farslar iddia edib və buna nail olacaqlar ki, "Koroğlu" onlarındı. "Koroğlu" onlarda da var. "Koroğlu" təkcə farslarda deyil, türkmənlərdə, Orta Asiyada da var. Bu dastan İran-turan ərazilərində geniş yayılıb. Ona görə Orta Asiyadan da kimsə iddia edə bilər ki, "Koroğlu" onlarındı.

Bizdə əsas dəlilərdir, Orta Asiyada isə Koroğlu müdrik bir şəxsdir. Farslar "Koroğlu"nu heç bir vaxt özününkü kimi YUNESKO-dan keçirə bilməzlər. Çünki bu dastan bizdə də var".

Bahar Rüstəmli
AzNews.az