Azərbaycanda alimlərin məvacibləri artırılacaq

30 Yanvar 2013 11:06 (UTC+04:00)
Milli Məclisin yaz sessiyasında müzakirə olunacaq "Elm siyasəti haqqında" qanunda alimlərin sosial müdafiəsi ilə bağlı bir sıra əsaslı müddəalar əks olunub.APA-nın xəbərinə görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev bildirib.

Onun sözlərinə görə, elmdə yaxşı nəticələr əldə etmək ilk növbədə alimlərin sosial müdafiəsinin gücləndirilməsindən asılıdır: "Əgər alimlərin sosial müdafiəsi təmin edilməsə, onda yaxşı nəticələri görə bilmərik. Təkcə maddi-texniki bazanın gücləndirilməsi əsas deyil. Eyni zamanda tədqiqat işləri aparan insanların sosial müdafiəsi möhkəmləndirilməlidir ki, onlar bütövlükdə özünü elmə həsr edə bilsinlər. Alimlərin mənzil şəraitinin yaxşılaşdırılması, məvaciblərinin artırılması, pensiya təminatlarının gücləndirilməsi və digər sosial məsələlərin həlli bu qanun qəbul edildikdən sonra daha da yaxşı təmin ediləcək".

B.Əliyev deyib ki, qanunun qəbul edilməsi ilə Azərbaycanda fundamental elmi tədqiqatların aparılmasının, elmin inkişafının qanunvericilik bazası formalaşacaq: "Bunun əsasında artıq AMEA-nın və ali məktəblərin tərkibindəki elmi tədqiqat institutlarının tədqiqatlarının vəhdəti təmin olunacaq. Qanunun qəbulu ilə elmin hüquqi statusu tam şəkildə müəyyənləşəcək. İndiyədək Azərbaycanda elmin statusu tam şəkildə müəyyənləşməyib, ayrı-ayrı qanunlarda öz əksini tapıb. Amma elmin statusunu müəyyən edən ayrıca baza qanunu olmayıb. Bu qanun qəbul ediləndən sonra elmin maliyyələşdirilməsi və prioritet sahələrin müəyyən edilməsində problemlərlə üzləşməyəcəyik".

AzNews.az