Aydın Əliyev: «Azərbaycan Avrasiya Gömrük İttifaqına qoşulmayacaq»

30 Yanvar 2013 11:48 (UTC+04:00)
Azərbaycan Avrasiya Gömrük İttifaqına qoşulmayacaq. "APA-Economics"in xəbər verdiyi kimi, bunu Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bəyan edib.

A.Əliyev bildirib ki, Ümumdünya Gömrük Təşkilatının ötən il Brüsseldə keçirilən iclasında Avrasiya Gömrük İttifaqının gömrük əməkdaşlığı naziri tərəfindən Azərbaycana təşkilata qoşulmaq təklif olunub, lakin həmin görüşdə Azərbaycan tərəfi quruma qoşulmayacağını bəyan edib.

"Bu gün Azərbaycan hökumətinin və gömrük xidmətinin mövqeyi ondan ibarətdir ki, biz Avrasiya Gömrük İttifaqına qoşulmaqdan uzağıq və bunu perspektivdə də görmürük. Azərbaycan müstəqil ölkədir və bu davam edəcək", - deyə A.Əliyev bildirib.

Qeyd edək ki, hazırda Avrasiya Gömrük İttifaqının üzvləri Rusiya, Belarus və Qazaxıstandır. İttifaq çərçivəsində gömrük rüsümları və digər iqtisadi xarakterli məhdudiyyətlər tətbiq edilmir.

AzNews.az