TQDK bu ildən orta məktəblərdə monitorinq imtahanları keçirəcək

30 Yanvar 2013 12:44 (UTC+04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu ildən orta məktəblərdə müəyyən fənlər üzrə monitorinq imtahanları keçirməyə başlayacaq.

APA-nın xəbərinə görə, TQDK sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib ki, monitorinq imtahanları 2 istiqamət üzrə olacaq. Onun sözlərinə görə, bunlardan biri elmi-metodiki məqsədlərə xidmət edəcək, digəri isə qiymətləndirmək məqsədilə aparılacaq: "Bu il müəyyən məktəblər seçiləcək və aparılacaq monitorinq imtahanları yalnız elmi-metodiki məqsədlərə xidmət edəcək. Buna əsasən keçirilən imtahanlar hələ ki, şagirdlərin taleyinə təsir göstərməyəcək. Ümumiyyətlə, uşaqların səviyyəsini öyrənmək üçün imtahanları bu il belə keçirəcəyik".

TQDK sədri qeyd edib ki, yekun attestasiyanı düzgün aparmaq üçün monitorinq imtahanlarının aparılması çox vacibdir: "Azərbaycanda yekun attestasiya hələ ki, iki fənn üzrə aparılırdı. Amma yekun attestasiya 2 fəndən aparıla bilməz və bura müxtəlif fənlər də əlavə olunmalıdır. Buna görə də fənlərin əlavə olunması üçün bu fənlər üzə monitorinq imtahanları aparılmalıdır. Hansısa kurs 10-cu sinifdə bitibsə, biz onun əsasında da monitorinq imtahanı keçirəcəyik. Müxtəlif fənləri müxtəlif illərdə qiymətləndirəcəyik. Hazırda bununla əlaqədar layihə işlənir və yekun məlumatlar yaxın zamanlarda ictimaiyyətə açıqlanacaq".

AzNews.az