Prezident Münxendə Kiyev şəhərinin meri ilə görüşüb - Yenilənib

17 Fevral 2017 15:42 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Vitali Kliçko ölkələrimiz arasında qədim tarixə malik dostluq münasibətlərinin olduğunu deyib. Ukraynada çoxlu sayda Azərbaycan diasporunun nümayəndələrinin yaşadığını deyən Kiyevin meri mütəmadi olaraq onlarla görüşlərin keçirildiyini diqqətə çatdırıb.

Ölkələrimiz arasında münasibətlərin inkişaf etdiyini, qarşılıqlı biznes maraqlarının olduğunu deyən Vitali Kliçko SOCAR-ın Ukraynada uğurlu fəaliyyətini vurğulayıb, şirkətin və Azərbaycan diasporunun nümayəndələrinin Ukraynanın inkişafına mühüm töhfə verdiyini bildirib. Mer Kiyevdə ulu öndər Heydər Əliyevin adını daşıyan parkın şəhərin ən nümunəvi məkanlarından birinə çevrildiyini deyib.

Prezident İlham Əliyev Kiyevin dünyanın ən gözəl şəhərlərindən biri olduğunu, onun tarixi hissəsinin qorunmasının və şəhərin inkişafının böyük diqqət tələb etdiyini vurğulayıb, Bakı və Kiyev meriyaları arasında münasibətlərin möhkəmləndirilməsinin və qarşılıqlı səfərlərin təşkilinin əhəmiyyətindən danışıb. Azərbaycan diasporunun Ukraynanın inkişafına töhfə verdiyini bildirən dövlət başçısı ölkələrimiz arasındakı dostluq münasibətlərinin möhkəmləndiyini, Ukraynanın Azərbaycanın etibarlı tərəfdaşı olduğunu qeyd edib.