Bakıda “qara bayraq“ aksiyası - ETİRAZ

30 Yanvar 2013 16:31 (UTC+04:00)

Bakının Cavanşir küçəsində yerləşən Tağıyev adına kombinatın 4 saylı yataqxanasının sakinləri yanvarın 30-dan öz eyvanlarından qara bayraqlar asaraq etiraz aksiyasına başlayıblar.

Sakinlərdən Hafiz Xanquliyevin AzNews.az-a verdiyi məlumata görə, əraziyə polis qüvvələri gətirilsə də, onlar aksiyaya müdaxilə etməyiblər: "Binadan qara parçanı çıxartmayıblar. Çünki əl çatması çətin olan yerlərə bağlanıb. Bununla biz rəmzi olaraq binanın ömrünü başa vurduğunu bildirmək istədik. Ancaq plakatlar polis tərəfindən yığışdırıldı".

Aksiya zamanı daha bir maraqlı hadisə özünü Mənzil İstismar Sahəsinin nümayəndələri kimi təqdim edən şəxslərin sakinləri siyahıya alması olub. Ancaq sonradan onlar özlərinin MİS əməkdaşı olduqlarının inkar edərək, sadəcə yoldan küçən olduqlarını bildiriblər: "İcra başçısının müavini Nizaməddin müəllim də əraziyə gəlmişdi, ancaq kənardan baxmaqla kifayətləndi və çıxıb getdi".


2000-ci ilin noyabrında Bakıda baş vermiş zəlzələdən sonra Tağıyev adına kombinatın 4 saylı yataqxanası yararsız vəziyyətə düşüb. Paytaxtın icra hakimiyyəti yataqxanada yaşayan 160 ailə üçün yeni binanın tikintisi məqsədilə 40 sot ərazi ayırıb. 18 mərtəbəli, 432 mənzildən ibarət ev tikilib. Lakin binaya yalnız 80 ailə köçürülüb. Qalan 80 ailə hələ də yataqxanada qalır.

Elnarə Əlosmanqızı
AzNews.az