“Son vaxtlar Azərbaycanda uşaqlıqdan kənar hamiləliklərin sayı artıb”

21 Fevral 2017 13:04 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzinin baş həkimi, ölkənin baş mama-ginekoloqu Sevinc Məmmədova deyib.

Onun sözlərinə görə, ölkədə son zamanlar bu kimi hamiləliklərin sayı artıb. Lakin bunun vaxtında aşkar edilməsi cərrahiyyə müdaxiləsi olmadan problemi aradan qaldırmağa imkan verir: “Əgər qadın hamiləliyin 6-7 həftəlik müddətində həkimə müraciət edərsə, qadın məsləhətxanasının həkimi müayinələr apararaq bu hamiləliyin uşaqlıq və ya boruda olmasını təyin edir”.

Baş mama-ginekoloqu bildirib ki, müasir texnologiyalar xəstəxana şəraitində xüsusi dərmanlardan istifadə edərək heç bir cərrahi müdaxilə olmadan qadının bu hamiləlikdən sağlam şəkildə xilas olunmasına imkan verir: “Ona görə də hamiləliyin ilk günlərində həkimə müraciət etmək uşaqlıqdan kənar hamiləliyin profilaktikasında önəmli rol oynayır”.

S.Məmmədova qeyd edib ki, qadınlar hamilə qaldığı zaman 12 həftəliyində qadın məsləhətxanasına müraciət edərək müayinədən keçməlidir: "Hamilələrin qadın məsləhətxanasına növbəti gəlişi 18-ci həftədən 20-ci həftəyə kimi olmalıdır. Çünki üç aylığında ana bətnində olan döl artıq formalaşmağa başlayır. Əgər döldə hansısa kobud qüsurlar varsa, bunu həmin müddətdə görmək mümkün olur. Əgər həmin qüsurlar yaşama qabiliyyəti olmayan qüsurdursa, onda qadına tibbi şəraitdə bu hamiləliyi sonlandırmaq təklif edilir”.

Baş mama-ginekoloqonu da qeyd edib ki, 2006-cı illə müqayisədə bu gün ölkədə ana ölümlərinin səviyyəsi hər 100 min doğulmuşa 13,8 promilə çatıb: “Burada nəinki stasionar həkimlərin, antinental qulluq göstərən həkimlərin də böyük rolu var. Ölkədə antinental qulluq qanunlara uyğun şəkildə qadın məsləhətxanalarında göstərilir. Bu gün onların vəzifə borcları kifayət qədər çoxdur”.