Timoşenko yadplanetlilərin yanına niyə gedəcəkmiş?

31 Yanvar 2013 10:37 (UTC+04:00)
Yuliya Timoşenko

Xarici görünüşü və mövqeyi ilə dünyada sözünü deyən liderlərdən biridir...


Şəxsi həyatı


Media nümayəndələri onun 10 ildən artıq bir müddətdir həyat yoldaşından ayrıldığını və qızı ilə yaşadığını yazır. Həyat yoldaşı Aleksandr isə özünün varlı adam olmadığını nəzərə çatdırsa da, Ukrayna xalqı Timoşenko ailəsinin gəlirlərinin yüksək olduğunu deyirlər. 1980-ci ildə hazırkı həyat yoldaşı Alekandr Timoşenko ilə ailə həyatı qurub. Yevqeniya adlı bir qızları var.

Kasıblıqdan "Sənaye və Maliyyə neft cəmiyyətinin" sahibinə aparan yol

Yuliya 1960-cı il 27 noyabrda Ukraynada doğulub. İlk soyadı Qriqan olsa da, sonradan ana soyadını götürüb və dostları arasında Teleqina soyadı ilə tanınıb. Soyadını konkret olaraq hansı səbəbdən dəyişdiyini isə heç vaxt açıqlamayıb. Onun atasız böyüdüyü və həmişə anasına sığındığı deyilir.

Məktəbi bitirdikdən sonra Dnepropetrovsk Dövlət Universitetində iqtisadi fakültədə təhsil alıb.

Maddi çətinliklərdən universiteti bitirər-bitirməz böyüdüyü şəhərdə maşın zavodunda mühəndis işləyib. Bir müddət mühəndis kimi çalışdıqdan sonra "Terminal" və "Korporasiya" kimi ticarət mərkəzlərinin direktoru vəzifəsində çalışıb.

Uzun müddət qazandığı təcrübə nəticəsində Timoşenko 1995-ci ildə "Sənaye və Maliyyə neft cəmiyyətinin" sahibinə çevrilir.

Siyasi fəaliyyəti

Ekspertlərin fikrincə, Yuliya Timoşenko iqtidara qarşı kifayət qədər sərt mövqe tutan şəxslərdəndir. Bəziləri onu Qərbə meylli olmaqda və Amerikanın diktəsi ilə Ukrayna hökumətinə qarşı yönlənməkdə təqsirli bilir.

Jurnalistlərin "siz nə vaxtsa Yanukoviç ilə ortaq məxrəcə gələ bilərsinizmi?" sualını Timoşenko belə cavablandırır : "Mən o halda ölkə rəsmiləri ilə razılığa gələ bilərəm ki, yadplanetlilər məni öz yanlarına aparsın, mənim fikirlərimi hakimiyyət lehinə formalaşdırsın. Bundan sonra bəlkə nə isə mümkün ola bilər".

Yuliya Timoşenko öz siyasi fikirlərindən əlavə, xarici görkəmi və geyimləri ilə də diqqət mərkəzində olan xanımlardan biridir. Həmişə bahalı geyimləri barədə verilən sualları "Qadın var ki, milyon sərvəti ola-ola çox kasıb, qadın da var ki, kasıb ola-ola milyonçu kimi görünür. Mən uzun illərdir bizneslə məşğul olmuram. Düşünürəm ki, yaxın gələcəkdə öz pullarım mənə geyimləri belə almağa yardım etməyəcək. Bu halda həyat yoldaşıma müraciət edərəm" cavabını verir.


1996-cı ildə yuxarı Radaya keçirilən seçkilər nəticəsində Timoşenko deputat seçilməsi ilə siyasi karyerasına ilk addımlarını atmış olur.


1999-cu ildə "Batkivşina" adlı şəxsi partiyasını yaradaraq müxalif addımları ilə fərqlənməyə başlayır. 1999-cu ilin sonunda Viktor Yuşenkonun idarə etdiyi hökumətdə Timoşenko baş nazirin müavini seçilir. Nazir vəzifəsini bir il müddətində yetirdiyi bir vaxtda Rusiya-Ukrayna qaz şirkətində yaranan problem Yuliyaya çox baha başa gəlir.

2005-ci ildə Yuliya Timoşenkonun siyasi həyatına zərbə vurulur. "Narıncı inqilab"ın məğlub olması və kütləvi şəkildə etirazlar nəticəsində Yuşenko Timoşenko hökumətini istefaya göndərməklə bağlı sənəd imzalayır. Bu göstərişlə də Timoşenko vəzifəsindən azad edilir. 2007-ci ildə uzun sürən çətinlikdən sonra yenidən baş nazir vəzifəsinə gəlməsinə baxmayaraq, 2008-ci ildən etibarən ciddi şəkildə ölkədə Timoşenko-Yuşenko qalmaqalı baş qaldırır. Yuşenko 2006-cı ildən etibarən topladığı sənədləri məhkəməyə təqdim edərək, Timoşenkonu ölkədə diktator rejimi qurmaqda günahlandırır. Əslində bu qalmaqalın səbəbi hamıya bəlli idi. Bu Yuşenkonun 2010-cu ildə Ukraynada keçiriləcək prezident seçkilərində Timoşenkonun prezidentliyə gəlmə qorxusu idi.

Belə ki, 2010-cu il Ukraynada baş tutan seçkilərdə prezident postuna Viktor Yanukoviç gəlir.

Ukraynada yeni nazirlər kabinetinin formalaşmasından sonra Timoşenkonun siyasi hakimiyyətinə də bir növ son qoyulur.

Hazırda Yuliya Timoşenko Ukrayna-Rusiya qaz şirkətləri arasında fəaliyyət göstərən şirkətlərin pulunu mənimsəməkdə və Ukrayna şirkətini iflasa uğratmaqda günahlandırılaraq həbs cəzasına məhkum edilib.


Aynur Hüseynova