İsa Qəmbərin müavini baş prokurora şikayət ərizəsi yazdı

31 Yanvar 2013 11:33 (UTC+04:00)
Müsavat başqanının müavini Tofiq Yaqublu baş prokuror Zakir Qaralova şikayət ərizəsi yazıb. O, "Media forum" saytına deyib ki, baş prokurordan yanvarın 24-də İsmayıllı rayonunda üzləşdiyi zorakılıq faktının araşdırılmasını istəyir:

"Həmin gün mən İsmayıllıya əməkdaşı olduğum "Yeni Müsavat" qəzetinin tapşırığı ilə getmişdim. Məqsədim rayonda baş verənləri yaxından izləmək və olaylar haqqında reportaj hazırlamaq idi. Jurnalist həmkarlarımla birgə prosesləri sadəcə izləyərək qeydlər götürməklə məşğul idim. İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları mənə məhz həmin anlarda yaxınlaşıb onlarla birlikdə getməyimi istədilər. Bir müddət şöbədə saxladıqdan sonra isə məni rayondan çıxmağa məcbur ediblər. Mən Zakir Qaralovdan bu insidentin araşdırılmasını, bir jurnalist kimi peşə fəaliyyətimə mane olan şəxslərin cəzalandırılmasını istəmişəm".

Yanvarın 29-da Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri İsmayıllı hadisələri ilə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, Müsavat başqanının müavini Tofiq Yaqublu yanvarın 24-də İsmayıllıya gedərək rayon sakinləri arasında polisə müqavimət göstərmək, heç kimə tabe olmamaq, nəqliyyat vasitələrinin yolunu bağlamaq kimi ictimai-siyasi sabitliyin pozulmasına yönələn çağırışlar edib.

AzNews.az