İlk milli agentliyin ad günüdür

1 Mart 2017 10:40 (UTC+04:00)

AzNews.az xəbər verir ki, 1920-ci il martın 1-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən əsası qoyulmuş ilk milli xəbər agentliyi – AZƏRTAC mürəkkəb və şərəfli yol keçib. Xalq Cümhuriyyətinin süqutundan sonra agentlik SİTA-nın filialı kimi fəaliyyət göstərib, 70 il ərzində adı 7 dəfə dəyişdirilib. Nəhayət, 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra agentliyin tarixi adı özünə qaytarılıb.

Bu gün AZƏRTAC ölkə həyatının bütün sahələrinə dair hər gün fasiləsiz olaraq Azərbaycan, ingilis, rus, fransız, alman, ərəb və Çin dillərində operativ informasiyalar yayır. Bu sıraya ayda 10 mindən çox xəbər, 50 mindən çox foto, 1400-dək videoxəbər, eləcə də infoqrafika materialları daxildir. AZƏRTAC regionda 7 dildə informasiya və 5 dildə videoxəbər yayan yeganə agentlikdir. Ölkə həyatının bütün sahələrində baş verən hadisə və yenilikləri operativ işıqlandıran agentlik, eyni zamanda, informasiyanın qloballaşdığı dövrümüzdə müstəqil Azərbaycanın uğurlarının daha geniş coğrafiyada təbliğinə nail olub. Agentliyin xəbərləri hazırda dünyanın 100-dən çox ölkəsinə yayılır.

AZƏRTAC dünyanın 45 ölkəsinin milli informasiya agentlikləri ilə müqavilələr imzalayıb və onlarla uğurlu əməkdaşlıq edir.

AzNews.az İnformasiya Agentliyi AZƏRTAC kollektivini təbrik edir, fəaliyyətlərində yeni uğurlar arzulayır!