İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İslahatlar icmalı”nın onlayn yayımına start verdi

1 Mart 2017 11:03 (UTC+04:00)

AzNews.az xəbər verir ki, ölkədə aparılan iqtisadi islahatlar, bu istiqamətdə imzalanmış sənədlər barədə geniş ictimayyətdə informasiya təminatını yaxşılaşdırmaq, beynəlxalq qurum və təşkilatları dolğun məlumatlarla təmin etmək zərurəti yaranıb. Bu məqsədlə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “ İslahatlar icmalı” adlı (Reforms Review) onlayn bülleten nəşr etməyə başlayır. Bülleten 4 dildə – Azərbaycan, rus, ingilis və türk dillərində yayılacaq.

Bülletenin ilk sayına Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə, AMEA İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Nazim Müzəffərli (İmanov), Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, iqtisad elmləri doktoru, professor Ədalət Muradov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və Azərbaycandakı Amerika ticarət palatasının (AmCham) icraçı direktoru Natəvan Məmmədova uğurlar arzulayıb.

Azərbaycan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədri, akademik Ziyad Səmədzadə:

“Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev ümummilli lider Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyasına əsaslanaraq ölkəmizdə iqtisadi islahatların yeni mərhələsini uğurla davam etdirir. Son illərlə ölkəmizdə dərin iqtisadi islahatlar həyata keçirilmiş, yüzlərlə qanun qəbul edilmiş, fərman və sərəncam verilib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən islahatlarla bağlı qəbul edilən qanunların, fərman və sərəncamların tək yerli deyil, həm da xarici sahibkarlara çatdırılması istiqamətindəki fəaliyyətini alqışlayıram. Mərkəz tərəfindən 4 dildə nəşr olunacaq “

İslahatlar icmalı” həm respublikamızın beynəlxalq aləmdə nüfuzunun artmasına, xarici investorların ölkəmizə investisiya yatırmasına, həm də informasiya təminatının yaxşılaşdırılmasına xidmət edəcək. İcmalın hazırlanmasında əməyi keçən hər kəsə uğurlar arzulayıram”.

AMEA İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Nazim Müzəffərli (İmanov):

“Strateji Yol Xəritələrində təsbit olunmuş və yaxın illərdə həyata keçirilməsi planlaşdırılan iqtisadi islahatlar həm əhatə dövrü, həm miqyası, həm konkretliyi və ölçüyəgələrliyi, həm də hazırlanma texnologiyası etibarilə əvvəlki islahat proqramlarından ciddi surətdə fərqlənir. Nəzərdə tutulur ki, dövlət sektoru ilə özəl sektor arasındakı nisbət ikincinin xeyrinə dəyişəcək, müəssisələrin vergi yükü yüngülləşdiriləcək, biznes mühiti yaxşılaşdırılacaq, xarici iqtisadi interaksiyalar sadələşdiriləcək, xarici investorlar üçün daha əlverişli şərait yaradılacaq. Dövlətin iqtisadiyyata müdaxilə səviyyəsini azaltmağa yönəlmiş bu cür liberal islahatların uğurla aparılmasında müsbət ictimai gözləntilər həlledici əhəmiyyətə malikdir. Yerli biznes icması və xarici investorlar əmin olmalıdırlar ki, islahatlar yetərlidir və dönməzdir, Azərbaycan cəmiyyəti isə inanmalıdır ki, nəzərdə tutulan islahatlar zəruridir və ictimai rifahın yüksəlməsinə vəsilə olacaqdır. Yerli və xarici ictimai rəyin məhz bu yöndə formalaşması baxımından, ardıcıl və məqsədyönlü məlumatlandırma sisteminin qurulması kafi olmasa da, zəruri şərtdir. Ona görə də İİTKM-in nəşrinə başladığı İcmalın çox ciddi bir missiyası vardır. Ümidvaram ki, İcmal yüksək peşəkarlıqla hazırlanacaq və effektiv olacaqdır. Onu ərsəyə gətirən komandaya uğurlar arzulayıram. Onu da qeyd etmək istəyirəm ki, AMEA İqtisadiyyat İnstitutunun alimləri İcmalın hazırlanmasına və yayılmasına hər növ dəstək verməyi özlərinə borc sayırlar”.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, iqtisad elmləri doktoru, professor Ədalət Muradov:

“Ölkəmiz yüksək insan kapitalına, bilik və innovasiyalara əsaslanan iqtisadi inkişafını təmin edəcək mühüm iqtisadi islahatlar mərhələsinə daxil olmuşdur. Cənab Prezident İlham Əliyev tərəfindən təsdiqlənən Strateji Yol Xəritələri qarşıdakı illərdə iqtisadiyyatda rəqabətqabiliyyətliliyin, inklüzivliyin və sosial rifahın daha da artırılması əsasında davamlı iqtisadi inkişafın təmin edilməsini nəzərdə tutur. Tarixi təcrübə göstərir ki, bu tipli islahatların cəmiyyət tərəfindən daha dəqiq dərk edilməsi və cəmiyyətin daha böyük hissəsi tərəfindən dəstəklənməsi onların uğurunu təmin edən əsas şərtlərdəndir. Bu isə heç şübhəsiz ki, aparılan iqtisadi islahatlar haqqında cəmiyyətin fasiləsiz şəkildə maarifləndirilməsini və onun iqtisadi şüurunun bu istiqamətdə daim inkişaf etdirilməsini tələb edir. Bu baxımdan İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzi tərəfindən iqtisadi islahatlarla bağlı bütün məlumatların yerli və beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə müntəzəm olaraq “İslahatlar icmalı”nın buraxılması qərarı təqdirəlayiqdir. Əminliklə deyə bilərəm ki, gələcəkdə UNEC-in professor-müəllim heyəti də “İslahat icmalı” bülleteninin müvafiq nömrələrinin hazırlanmasına öz töhfələrini verəcəklər. Bu önəmli və məsuliyyətli işdə İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin əməkdaşlarına uğurlar arzulayıram”.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev:

“Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin rəhbərliyi ilə Respublikamızda aparılan iqtisadi islahatlar çərçivəsində sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması, investisiyaların təşviqi, institusional islahatların sürətləndirilməsi, qeyri-neft ixrac potensialının artırılması, idxalın əvəzlənməsi, o cümlədən yerli sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi istiqamətində böyük işlər görülür.

Azərbaycan Sahibkarlar Konfederasiyası da cari fəaliyyətini Strateji Yol xəritəsinin hədəflərinə uyğun qurur və iqtisadi islahatlara daha çox töhfə vermək üçün fəaliyyətini gücləndirir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən 4 dildə

İQTİSADI İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASİYA MƏRKƏZİ

“İslahatlar icmalı”nın hazırlanması da ölkəmizdə həyata keçirilən islahatlar prosesi barədə sahibkarların dolğun məlumatlandırılmasına xidmət edəcəkdir. Düşünürəm ki, bu icmal Azərbaycan Sahibkarlar Konfederasiyasının üzvləri üçün çox faydalı olacaqdır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə bu yöndəki fəaliyyətinə görə, uğurlar arzulayıram. İnanıram ki, “İslahat icmalı”nın nəşri davamlı olacaqdır”.

Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) İcraçı direktoru Natəvan Məmmədova:

“Prezident İlham Əliyevin iqtisadi islahatlar paketi çərçivəsində son illərdə sahibkarlığın inkişafı ilə bağlı qəbul etdiyi qərarlar iqtisadiyyatın davamlı inkişafının təmin olunması baxımından strateji xarakter daşıyır və ölkəmizdə sahibkarlığın inkişafı üçün yeni dövrün başlanğıcı olmuşdur. Dövlət başçısının aparılan iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsini və bu sahədə işlərin səmərəli əlaqələndirilməsini təmin etmək məqsədilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılması haqqında Fərman imzalaması da həyata keçirilən genişmiqyaslı islahatların yeni mərhələsini müəyyən etmişdir. Səmərəli və şəffaf idarəçilik prinsipinə uyğun olaraq ölkə rəhbəri də hər bir məsələdə ictimaiyyətin məlumatlandırılmasını daim zəruri sayır. Çünki bu cür məlumatlandırma ilk növbədə, görülmüş işlərin qiymətləndirilməsi, insanlara düzgün və obyektiv çatdırılması, mövcud problemlər ətrafında müzakirələrin aparılması, onların həlli yollarının tapılması baxımından səmərəli vasitədir. İİTKM-in uğurlu fəaliyyətini şərtləndirən əsas amillərdən biri də məhz görülən işlər və qarşıdakı vəzifələr barədə ictimaiyyətin mütəmadi məlumatlandırılması və bu barədə müxtəlif hesabatların hazırlanmasıdır. Bu çərçivədə, Mərkəz tərəfindən “İslahatlar icmalı” adlı onlayn bülletenin nəşr olunması, ölkədə həyata keçirilən iqtisadi islahatlarla bağlı bütün məlumatların müntəzəm şəkildə yerli və beynəlxalq ictimaiyyətə çatdırılması baxımından olduqca təqdirəlayiq və əlamətdar hadisədir. İqtisadi islahatların daha effektiv və səmərəli olması üçün dövlət və özəl sektor arasında daimi dialoqun olması çox mühüm şərtdir ki, İİTKM tərəfindən belə bir layihəyə start verilməsi həm də dövlət və özəl sektor arasındakı mövcud əməkdaşlığın daha da möhkəmlənməsinə şərait yaradacaqdır. AmCham da öz növbəsində hər zaman bu əməkdaşlığın inkişaf etdirilməsinə çalışır və bu əməkdaşlıq çərçivəsində mütəmadi olaraq Azərbaycanın biznes mühitinin təkmilləşdirilməsi üzrə öz tövsiyələrini hökumətə təqdim edir. Qeyd etmək yerinə düşər ki, ölkədə aparılan iqtisadi islahatlara və İİTKM-in fəaliyyətinə dəstək olmaq məqsədilə Palata ötən il ölkəmizin biznes mühitinin təkmilləşdirilməsi üzrə müşahidələr və tövsiyələr toplusu olan “Ağ Sənəd” adlı nəşrini İİTKM-ə də təqdim etmişdir. Əminəm ki, Mərkəzin yeni onlayn bülleteni işıq üzü gördüyü andan etibarən qarşısında durduğu məqsədlərinə çatacaq və ölkəmizdə həyata keçirilən iqtisadi islahatlara böyük töhfə verəcəkdir. Belə faydalı təşəbbüsün ərsəyə gəlməsində səy göstərən İİTKM-in bütün əməkdaşlarını alqışlayır və nəşrin hazırlanmasında iştirak edən hər kəsə bu uğurlarının davamlı olmasını arzulayıram.”

İcmal müntəzəm olaraq hazırlanacaq. İcmalla www.iqtisadiislahat.org www.ereforms.org www.ecoreform.az saytlarında İslahat icmalı bölməsində tanış olmaq mümkündür. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi haqqında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzun müddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.