Məşhur rus aparıcıdan etiraf: azərbaycanlı qadınlara aşiq oldum (Fotolar)

1 Mart 2017 22:20 (UTC+04:00)

AzNews.az Sputnik.az-a istinadən xəbər verir ki, Rusiyanın Birinci telekanalının “Dəbli hökm” verilişinin aparıcısı, sənətşünas Aleksandr Vasilyev “Aleksandr Vasilyevin səyyar məktəbi” layihəsi çərçivəsində bir neçə gün Bakıda olub.

O, layihənin Rusiyanın müxtəlif şəhərlərindən olan 23 iştirakçısı ilə birlikdə İçərişəhəri, İncəsənət muzeyini, Heydər Əliyev Mərkəzini, Opera və balet teatrını, Qobustanı və ölkəmizdəki digər məşhur yerləri gəzib. Vasilyev bir yerdə uzun müddət qala bilmir, ona görə də onu “tutmaq” üçün böyük əmək sərf etmək lazım gəlir. Onun proqramının ziyarət etdiyi sonuncu məntəqə Leopold və Mstislav Rostropoviçlərin ev muzeyi olub.

- Aleksandr Aleksandroviç, Bakı barədə təəssüratınız necədir?

- O möhtəşəmdir. Mən sadəcə ondan doya bilmirəm. Mənim və layihəmin iştirakçılarının hamısının çox xoşuna gəlib. Biz çoxlu muzeylərdə olmuşuq, Bakı bulvarında gəzmişik, İçərişəhərə getmişik, qutab bişirməyi öyrənmişik, ondan o qədər yemişik ki, hələ də özümüzə gələ bilmirik. Hər şeydən çox Qobustan xoşumuza gəlib. Onu ümumiyyətlə sözlə təsvir etmək mümkün deyil. — Mənə məlumdur ki, siz Bakıya ilk dəfə deyil gəlmisiz? — Bu, mənim Bakıya beşinci səfərimdir. Hər dəfə gələndə yeni bir şey öyrənirəm. Mən bura ilk dəfə atamla gəlmişəm. Bu, 60-cı illərdə baş vermişdi. Biz onda Tahir Salayevin bağ evində qonaq olmuşuq. Çünki mənim atamla o, yaxın dost idilər. İndiyə qədər dənizin gözəlliyini unuda bilmirəm. Təəssüf ki, bu dəfə dənizi ancaq bulvarda görə bildim. Axırıncı dəfə bura beş il əvvəl gəlmişdim və bütün dəyişiklikləri öz gözümlə görmək istəyirdim. Bütün iştirakçılar şaddırlar ki, biz bu dəfə Bakını seçmişik.

- Siz iştirakçılarla söhbətlərinizdə Azərbaycan sözlərini tez-tez işlədirsiz?

- Mən hamısını qarışdırmışam, həm türk, həm də Azərbaycan dilini. Onlar çox oxşayırlar. “Necəsən”, “sən necə də gözəlsən”, “mənim səndən xoşum gəldi” və digər sözlər. Mən tez-tez onlardan istifadə edirəm. Sizin diliniz elə də çətin deyil. Çünki bir neçə dəfə Bakıda olmuşam və artıq xeyli söz bilirəm.

- Bakıdan sonra yolunuz haradır?

- İndi Moskvaya, sonra isə Özbəkistana. Bizim iştirakçılar dünyanın bütün ölkələrində olurlar. Artıq 2005-ci ildən mənim səyyar məktəbim fəaliyyət göstərir və biz hər il maraqlı verilişlər hazırlayırıq. Bizim məktəb moda atmosferi ilə yüklənməyə, yaxşı dincəlməyə və müxtəlif ölkələrin ən yaxşı yerlərini görməyə imkan yaradır.

- Aleksandr Aleksandroviç, bizim bakılıların stilini necə qiymətləndirirsiz?

- Gözümü çəkə bilmirəm. Onların gözəllikləri məni məst edir. Siz elə gözəlsiniz ki, mən istəyirəm öz vizitkalarımı Bakı şəhərindəki bütün qadınlara paylayım. Çox istəyərdim ki, sizin qadınlara moda ilə bağlı master-klass keçim, əlbəttə, əgər dəvət olarsa.