“Kim nə deyir desin, mənə maraqlı deyil” - Əməkdar artist

3 Mart 2017 16:26 (UTC+04:00)

"ARB Ulduz"un "Şou məkan" verilişinin növbəti qonağı əməkdar artist Sevda Ələkbərzadə olub.
“Bu yaxınlarda yeni bir mahnı ifa etmişəm. Əslində mahnı özü yeni deyil, mənim ifamda yenidir. Hiss edirəm ki, mənim ifamda yeni bir həyat tapacaq. Mahnı bir neçə gündür ki, çıxıb. Artıq ajiotaj hiss edirəm. Bu mahnı Elmira Rəhimovanın repertuarındandır.

Bu təklifi dostum irəli sürdü ki, bəlkə, ifa edəsən? Düşündüm ki, yox. Çünki bir çoxları ifa edib. Mənsə mahnı seçəndə çoxdan ifa olunmayanlarını seçirəm. Dostum dedi ki, sənin ifanda bu mahnı tamam başqa cür səslənəcək”.

Müğənni yeni ifasının hitə çevrildiyini söyləyib, yerə-göyə sığdıra bilməsə də, mahnının adını nədənsə bir müddət xatırlaya bilməyib:

“Unutdum ey mahnının adını. Necə ola bilər belə bir şey? “Mən yenidən gələrəm”...Yox...”Mən təzədən gələrəm”...Məndə olur ey hərdən. “Sən yadıma düşəndə”... Yəqin ki, çoxları bu mahnını eşidib. Mən bu mahnını Elmira xanımın ifasında eşidib sevmişəm”.

Bəs, Elmira xanım sizin ifanızda həmin mahnını eşidibmi, ümumiyyətlə, bu haqda söhbət etmisizmi?

“O qadını o qədər sevirəm ki. Onun ifasına, onun ürəyinə heyranam. Elmira xanıma deyəndə sevindi. “Niyə də yox” dedi”.

Bəzən olur ki, köhnə bir ifa yenidən səsləndirilir və müəyyən dəyişikliklər edilir. Sonra isə tərəflər arasında qalmaqallar yaşanmağa başlayır. Bəs, siz bu haqda nə düşünürsüz?

“Bu məni maraqlandırmır. Mən bu barədə düşünmürəm. Mən öz işimi görürəm, öz sənətimlə məşğulam. Kim nə deyir desin, mənə maraqlı deyil”.

AzNews.az