Əkrəm Əylisli əsərinin Azərbaycan dilinə tərcümə olunmasına qarşı çıxdı

31 Yanvar 2013 16:09 (UTC+04:00)


Xalq yazıçısı Əkrəm Əylisli "Drujba narodov" jurnalında rus dilində nəşr olunan "Kamenniye snı" əsərinin Azərbaycan dilinə tərcümə olunmasına etirazını bildirib.

Qeyd edək ki, "Qafqazinfo" əsəri Azərbaycan dilinə tərcümə etdirərək saytda yayımlayacağı ilə bağlı yazıçını məlumatlandırdıqdan sonra Ə.Əylisli bu təşəbbüslə çıxış edəcək istənilən quruma və şəxsə xəbərdarlıq edib: "Mən romanımın Azərbaycan dilinə tərcümə olunmasına qəti şəkildə icazə vermirəm. Bu mənim müəllif hüquqlarımın pozulması demək olardı. Nəinki Azərbaycanda və Ermənistanda, eləcə də dünyanın harasında olursa olsun, əsər məndən icazəsiz tərcümə olunsa məhkəməyə müraciət edəcəm. Mənim əsərimi məndən icazəsiz çap edə bilməzsiz, əgər özüm lazım bilsəm tərcümə edərəm".

Yazıçı Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədovun romanla bağlı ünvanına səsləndirdiyi "Azərbaycana və azərbaycanlılara xəyanət etməklə genetik olaraq mənsub olduğu xalqa xidmət göstərmək qərarına gəlib" ifadəsinə də münasibət bildirib: "Mən ona nə deyə bilərəm ki… Atamın atasının adı Qurbanəlidir, anasının adı isə Zəhra, anamın atasının adı Kərbəlayi Əli, anasının adı isə İsmətdir. Bu mövzuya daha müraciət etmək istəmirəm. Müdafiəyə də ehtiyac duymuram. Bir daha təkrar edirəm, əsərdə Azərbaycan mühitini təhqir edən heç nə yoxdur. Əksinə romanda Azərbaycan xalqının ucalığını əks etdirmişəm. Biz ermənilərlə gələcəkdə bir yerdə yaşaya bilərik, körpüləri yandırmayaq demişəm. Bu siyasət deyil, bunun belə siyasiləşdirilməsi mənim üçün anlaşılmazdır. Bir şeyi də qeyd etmək istəyirəm. Əgər mənə, ailəmin həyatına qarşı hər hansı bir təxribat, təzyiq baş verərsə, deməli bu, mənə qarşı bəyanatla çıxış edənlərin əməlləridir. Mən mövzunu bağladım, imkanları varsa, onlar da bağlasınlar" .

AzNews.az