Əfv Komissiyasına 900-dən çox məhkum müraciət edib- Rəsmi açıqlama

6 Mart 2017 17:16 (UTC+04:00)

Bu barədə AzNews.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev məlumat verib. Onun sözlərinə görə, iclasda 130 məhkumun müraciətinə baxılıb:

“Bu günə kimi 700-dən çox məhkumun müraciətinə baxılıb. Baxılan müraciətlər üçün rəy hazırlanması haqqında qərar qəbul edilib. Quruma 900-dən çox müraciət daxil olub. Bunların hər biri ətraflı şəkildə araşdırılır.”

Əliməmməd Nuriyev qeyd edib ki, Əfv Komissiyasının nəzərdə tutulan iclasları bu həftə davam etdiriləcək.

Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir. Həmin vaxta qədər daha bir neçə iclasın keçiriləcəyi, iclaslarda 900-dən çox müraciətə baxılacağı bildirilir.

Bahar RÜSTƏMLİ

AzNews.az