“Mənə elə gəldi ki, romanı Əkrəm Əylisli yazmayıb” - İTTİHAM

1 Fevral 2013 10:44 (UTC+04:00)

"Mən bir yazıçı kimi Əkrəm Əylislini linç eləməyin, üstünə getməyin əleyhinəyəm. O, maraqlı yazıçıdır. Ədəbiyyatımızın və dilimizin zənginləşməsində xidmətləri var. Amma "Daş yuxular" romanını oxuyanda nəinki təəssüfləndim, həm də heyrətləndim".

Bunu AzNews.az-a açıqlamasında Elçin Hüseynbəyli bildirib. O Əkrəm Əylislinin əsərini obyektivlikdən uzaq adlandırmaqdan da çəkinməyib:

"Mən erməni yazıçılarının müharibə haqqında, erməni-azərbayjanlı münasibətləri barədə hekayələrini oxumuşam. Onlar çalışıblar ki, heç olmasa obyektiv görünsünlər. Amma Əkrəm Əylislinin romanı obyektivlikdən uzaqdır, həm də romandakı hadisələr, hərəkətlər, münasibətlər motivləşdirilməyib. Bəzi məqamlarda buna zəif cəhd olunsa da, müəllifin erməni sevgisi buna mane olub. "Daş yuxuları"nı rus dilində oxuduğuma görə Əkrəmin üslubunu tuta bilmədim. Mənə elə gəldi ki, romanı o yazmayıb. Çünki həddən artıq birtərəflidir.
Bir də mən yazıçının azərbaycanlılara qəzəbini başa düşə bilmədim. Bu xalq ona hər şey verib, bəlkə bir az da artığını edib. Mirzə Cəlildən bəri həm klassik, həm də çağdaş yazıçılarımız öz əsərlərində millətinin, xalqının nöqsanlarını göstərib, amma bü qədər aşağılamayıb.

"Əkrəm Əylisli romanı Nobel almaq üçün yazıb" deyənlər də səhv edirlər. Çünki roman bədii cəhətdən o qədər də güclü deyil, ortabab bir əsərdir".

Bahar Rüstəmli
AzNews.az