Müxalifət funksionerləri də “Əkrəm söhbəti“nə qarışdı

1 Fevral 2013 16:12 (UTC+04:00)
Xalq Yazıçısı Əkrəm Əylislinin qalmaqal yaradan "Daş yuxular" romanı cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. Hətta yazıçının evinin qarşısında etiraz aksiyası da keçirildi. Plakatlar yandırıldı, evə yumurta atıldı. Bəs siyasi partiyalar bu roman haqda nə düşünür?

Modern.az bununla bağlı Müsavat AXCP, ADP, ALDP-dən münasibət öyrənib.

Müsavat partiyası başqan müavini Gülağa Aslanlı qeyd edib ki, bu əsəri oxumayıb. "Oxumadığım əsər haqqında hər hansı rəy bildirmək fikrindən uzağam. Etirazlara gəlincə, hər kəsin öz reaksiyası var. Ola bilsin ki, kimsə oxuyub reaksiya verir və ya oxumayıb fikir bildirir. Mən o reaksiyalara şərh vermək istəmirəm. Oxuyan normal reaksiya verir, oxumayan isə kimdənsə eşidib təpki verir".

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bu əsərin həqiqət üzərində yazılmadığını qeyd etdi. "İstənilən əsər həqiqəti əks etdirməlidir. Bəşəri dəyərləri unutmaq, milli ziddiyyətlərin fövqünə qalxmaq istəyi reallığın inkarı üzərində qurulmamalıdır. Əsərlə bağlı konkret fikir bildirə bilmərəm, çünki tam olaraq oxumamışam. Ancaq müəyyən fraqmentlərlə tanışam. Hesab edirəm ki, etnik təmizləməyə, işgəncələrə, işğala məruz qalan azərbaycanlıları istər siyasi, istərsə də bədii cəhətdən ermənilərlə eyniləşdirmək, millətimizin mənfi obrazını yaratmaq doğru deyil. Azərbaycanlıların müharibə qurbanları olması bir həqiqətdir. Əkrəm Əylislinin "Daş yuxular" romanında xalqımızı hansısa zorakı hərəkətlərdə günahlandırması, qeyri-insanilik obrazını yaradaraq təqdim olunması reallığı əks etdirmir".

ADP sədri Sərdar Cəlaloğlu Əkrəm Əylislinin bir fakta əsasən məsələni bu cür qabartmasına qarşıdır.
"Əkrəm Əylislinin bir faktı götürüb onu bədii əsərin əsas leytmotivi eləməsi indiki şərtlərdə yanlışdır. Çünki ermənilər bütün dünyada birmənalı şəkildə türklər tərəfindən "soyqırıma" uğradıqları ilə bağlı kompaniya aparırlar. Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları edirlər. Belə bir vəziyyətdə Əkrəm Əylislinin bu əsəri ermənilərin "dəyirmanına su tökür".
Əgər bu əsərdə ermənilərin azərbaycanlılara qarşı etdiyi cinayətlər də öz əksini tapsaydı və Əylisdə uzun illər yanaşı yaşamış qonşuların bir-birlərinə amansızcasına düşmənlik etmələri səbəbləri araşdırılsaydı, heç kəs bu əsərə irad tutmazdı. Əkrəm Əylisli isə Əylisdə baş vermiş hadisəni xüsusi qabardıb vəhşilik kimi dünyaya təqdim etməsi düzgün deyil".

Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev qeyd edib ki, hər hansı yazıya, səsləndirilən fikirlərə dözümlü olmaq lazımdır.
"Mən o əsəri oxumamışam və oxumaq da fikrində deyiləm. Ancaq sosial şəbəkələrdə, mediada gedən müzakirələrlə tanışam. Təəssüf edirəm ki, bir yazıçının əsərinə belə bir reaksiya verilir. Xüsusilə Əkrəm Əylislinin evinin qarşısındakı aksiyanı vurğulamaq istəyirəm. Plakatları, şəkilləri yandırmaq nasist Almaniyasını xatırladır. Hesab edirəm ki, dözümlü olmaq lazımdır. Əgər kiminsə etirazı, narazılığı varsa, bunu birbaşa həmin müəlliflə normal diskussiya aparıb fikirlərini bilməklə müzakirə etmək olar. O yazıçıdır, fikirlərini yaza bilər. Mənim mövqeyim əsasən, bu əsərə yox, ona bu cür reaksiyalarla bağlıdır. Bunun əleyhinəyəm".