Mədət Quliyevə qarşı şok ittihamlar

3 Fevral 2013 23:26 (UTC+04:00)


Son günlər ölkə mətbuatı Ədliyyə nazirinin müavini, nazirliyin penitensiar xidmətinin rəisi, polis general-mayor Mədət Quliyevin qanunsuz əməlləri barədə məqalələr dərc edir. Qeyd edilir ki, onun "islahatları" xidmətin əməkdaşları arasındakı münasibətləri və müəssisələrdə ümumi mühiti kritik həddə çatdırıb. Bu arada "Gündəm Xəbər" qəzeti daha ilginc məlumatlar dərc edib. Məqalədə M.Quliyevin gəlir mənbələri göstərilir. Qeyd edilir ki, Pentensiar xidmət rəhbərinin əlavə gəlir mənbələri aşağıdakılardan ibarətdir: Baş idarədə və müəssisələrdə mühafizə və video müşahidə avadanlıqlarının quraşdırılması, təmir işləri, hər il təzə avtonəqliyyat vasitələrinin alınması, məhkumlar üçün nəzərdə tutulmuş ərzaq məhsullarının satışının təşkili və.s. Bundan başqa bildirilir ki, M.Quliyev komandası ilə birlikdə cinayətkar aləmin oğru və nüfuzlu şəxsləri ilə yaxın münasibət saxlayır. Kriminal aləmin bir sıra üzvləri ilə yaxın münasibətlərdə olan xidmət rəisi onların vaxtından əvvəl azadlığa çıxmasına da şərait yaradır: "Təbii ki, havayı yox və buna görə yaxşı qonorar da əldə olunur. Bununla bağlı redaksiyamıza ötürülən bəzi faktları olduğu kimi oxucularımızın diqqətinə çatdırırıq:

"2012-ci ilin 4-ci rübündə 15 saylı Cəzaçəkmə Müəssisəsindən məhkum İbrahimov Nəriman Elman oğlunun buraxılması üçün razılığa görə 25.000 AZN, Xudiyev Ülvü Məmməd oğlundan 5.000 AZN alınıb (bu pulların İ.Tağızadəyə verildiyi bildirilir-red). Məlumatda həmçinin bildirilir ki, hazırda 8 saylı CM-də cəza çəkən kriminal aləmdə kifayət qədər böyük nüfuza malik olan məhkum Nadir Səlifov (oğru Qulı) hər ay 20.000 AZN aylıq verir. Baş idarədə PX-nin rəis müavinləri, əksər idarə (Kadr İdarəsi - Zaur Əliyev, Əməliyyat-rejim idarəsinin rəis vəzifəsini icra edən İmran Tağızadə, istisna olmaqla), şöbə və bölmə rəisləri formal şəkildə fəaliyyət göstərirlər. Faktiki olaraq, qeyd olunan əməkdaşların isə Penitensiar müəssisələrdə və Baş idarədə baş verən və davam edən qanunsuz əməllərin qarşısını almaq səlahiyyətləri yoxdur. Cəzaçəkmə müəssisələrindəki bütün proseslər bilavasitə əməliyyat-rejim idarəsinin rəis vəzifəsini icra edən İmran Tağızadə tərəfindən idarə olunur".

Qəzetin iddiasına görə, PX rəisinin əmrinə əsasən Baş idarə əməkdaşlarının müəssisəyə baş çəkmələri məhdudlaşdırılıb. Eyni zamanda, saat 18.00 radələrindən sonra Baş idarə əməkdaşlarının müəssisəyə baş çəkməsinə qadağa qoyulub. Cəzaçəkmə müəssisələrində məhkumlar tərəfindən müəssisə rəislərinə qarşı ciddi narazılıqlar var: "Belə ki, 500 - dən çox gənc əməkdaşlar (kiçik və orta rəis heyəti) ədliyyə orqanlarında tutduğu vəzifədən azad olunub, qeyri peşəkar əməkdaşlar vəzifəyə təyin olunur, Baş idarədə və cəzaçəkmə (CM və MTCM) müəssisələrində əksər əməkdaşlar formal şəkildə vəzifə tutur".

AzNews.az