Güləşçilərimizin daha bir uğuru: 3 qızıl, 1 bürünc

1 Aprel 2017 22:48 (UTC+04:00)

AzNews.az xəbər verir ki, çempionatın beşinci yarış günündə Azərbaycanın yunan-Roma güləşçiləri 59, 71, 80 və 98 kiloqram çəki dərəcələrində mübarizə aparıblar.

Yarışda 59 kiloqram çəkidə Murad Məmmədov Litva və Türkiyədən olan rəqiblərini məğlub edərək finala yüksəlib. Finalda güləşçimizin rəqibi Rusiya idmançısı olub. Rəqibinə heç bir şans verməyən Murad Məmmədov çempionatın qızıl medalını qazanıb.

Turnirdə 71 kiloqram çəki dərəcəsində yarışan İslambek Dadov ardıcıl olaraq Bolqarıstan, Moldova, İtaliya və Macarıstandan olan rəqiblərini tam üstünlüklə məğlub edib və finala adlayıb. Həlledici görüşdə güləşçimiz Gürcüstan təmsilçisini məğlub edərək komandamızın aktivinə ikinci qızıl medal əlavə edib.

Orxan Nuriyev (98 kq) Litva, Rusiya və Türkiyədən olan rəqiblərini mübarizədən kənarlaşdıraraq finala yüksəlib. Həlledici qarşılaşmada güləşçimiz Finlandiya təmsilçisindən üstün olaraq yığmamızın qızıl medal sayını üçə çatdırıb.

Digər güləşimiz Eltun Vəzirzadə (80 kq) Slovakiya və Almaniya idmançılarını mübarizədən kənarlaşdırıb. Yarımfinalda Gürcüstan təmsilçisinə uduzan güləşçimiz üçüncü yer uğrunda görüşdə Belarus idmançısına qalib gələrək bürünc medala sahib olub.