“Düşünürlər ki, müxalifətə efir vaxtı verilsə...”

4 Fevral 2013 10:45 (UTC+04:00)




"Bu ona görədir ki, hakimiyyət müxalifətdən qorxur. İstər beynəlxalq hüquq normalarında, istərsə də Azərbaycan konstitusiyasında hər kəs qanun qarşısında bərabərdir. Dövlətin resurslarından hamı bərabər istifadə etməlidir".

Bunu AzNews.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu millət vəkili İqbal Ağazadənin parlamentdə qaldırdığı müxalifətə efir vaxtının verilməməsi məsələsindən danışarkən deyib. S.Cəlaloğlu bildirib ki, ""Siyasi partiyalar haqqında" qanununun 13-cü maddəsində göstərilir ki, dövlətin resursları bərabər əsaslarla bölüşdürülməlidir: " Azərbaycan hökuməti konstitusiyaya əməl etmirsə, İqbal Ağazədənin də fikirləri göydən asılı qalacaq. Bunun üçün hər hansı deputatın məsələ qaldırmasına ehtiyac yoxdur. Çünki bunu dövlət tənzimləməlidir".

Hakimiyyətin azad sözdən, yürütdüyü siyasətin tənqid edilməsindən çəkindiyi deyən partiya sədri qeyd edib ki, bu gün müxalifətə efir vaxtının verilməməsinə baxmayaraq, hazırda xalq üsyan vəziyyətindədir: "Düşünürlər ki, müxalifətə efir vaxtı verilərsə, üsyanlar kütləvi vüsət ala bilər. Amma bu yanlış düşüncədir. Əksinə, söz və fikir azadlığı hakimiyyətin xeyrinədir".

Qeyd edək ki, Milli Məclisin yaz sessiyasının ilk iclasında çıxış edən deputat İqbal Ağazadə müxalifət partiyalarına efir vaxtının verilməməsindən narazılığını bildirib. İ.Ağazdə deyib ki, elə telekanallar var ki, ümumiyyətlə, partiya sədrləri ora buraxılmırlar.

İlkin
AzNews.az