Azərbaycan mart ayı üzrə nə qədər neft hasil edib?

3 Aprel 2017 18:15 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, həmin məlumatlara əsasən, cari ilin mart ayı ərzində respublika üzrə gündəlik neft hasilatı 733,3 min barrel olub. Bunun 693,3 min barrelini xam neft, 40,0 min barrelini kondensat təşkil edib. Gündəlik 596,0 min barrel xam neft, 40,0 min barrel kondensat, 23,0 min barrel isə neft məhsulları ixrac edilib. Beləliklə, 11 ölkənin 2017-ci il yanvarın 1-dən gündəlik neft hasilatını 558 min barrel azaltmaq barədə razılaşması çərçivəsində Azərbaycan hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib.

Qeyd edək ki, yanvar ayı ərzində respublika üzrə gündəlik neft hasilatı 793,9 min barrel, fevral ayında isə 776,4 min barrel olub.

Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Saziş bu ilin birinci yarısı üçün bağlanıb və onun müddətinin uzadılması imkanı nəzərdə tutulub.