Teatr Əkrəm Əylislinin pyesinin premyerasını ləğv etdi

4 Fevral 2013 12:30 (UTC+04:00)


Əkrəm Əylislinin "Yazığam, sevmə məni" pyesi əsasında hazırlanan tamaşanın premyerası ləğv edilib.

"Qafqazinfo"nun verdiyi məlumata görə, son günlər yazıçının "daş yuxular" romanı ətrafındakı gərgin müzakirə digər pyesinin taleyinə təsirsiz ötüşməyib. Belə ki, rejissor Nicat Kazmovun səhnələşdirdiyi, baş rolda Mehriban Xanlarovanın rol alacağı tamaşanı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında səhnələşdirməkdən imtina edib.

Akamdemik Milli Teatrın truppa müdiri Elnur Məmmədov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, onlarda belə tamaşa oynanılmır: "Əkrəm Əylisli kimdir ki, biz onun tamaşasını səhnələşdirək".

Mehriban Xanlarova isə açıqlamasında qeyd edib ki, sözügedən tamaşada baş rol obrazını ona vermişdilər: ""Yazığam, sevmə məni" pyesində "Şirin" obrazını oynayacaqdım. Əkrəm Əylisli ilə bağlı son günlər yaranan söhbətdən sonra əsəri dayandırdılar. Hətta məşqlərə də başlamışdıq, hazırda məşqlər də dayandırılıb. O tamaşada oynamayacağam".

AzNews.az