Rayon maşınlarının Bakıya girişinə məhdudiyyətlər qoyulacaq - Video

5 Aprel 2017 21:46 (UTC+04:00)

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, bu məhdudiyyətlər may ayının 1-dən 25-dək davam edəcək. Rayondan gələn nəqliyyat vasitələri paytaxtın şimal girişində, Bakı-Sumqayıt yolunun 16-cı kilometrliyində, cənubdan isə Lökbətan dairəsi yaxınlığında, ''Bakı-2015'' Avropa Oyunları öncəsi yaradılmış dayanacaqda saxlanılacaq.

Amma bu o anlama gəlmir ki, rayondan gələn şəxslər şəhərə girə bilməyəcəklər. Həmin şəxslər avtomobili xüsusi mühafizə olunan dayanacaqda saxlayıb, ictimai nəqliyyatla şəhərin istənilən yerinə gedə bilər.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, məhdudiyyət Nazirlər Kobinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komisiyasının qərarı ilə saat 7:30-dan 21:00-qədər qüvvədə olacaq.

Oyunlar ərəfəsində gecə paytaxta girib gündüz şəhərdə hərəkətdə olan rayon qeydiyyatlı avtomobillər xidmətdə olan polis əməkdaşları tərəfindən hərəkətdən kənarlaşdırılaraq müvəqqəti duracağa qoyulacaq. Heç bir cərimə yazılmadan axşam vaxtı həmin nəqliyyat vasitəsi şəhərdən çıxarılacaq.