“Tofiq Yaqublu məhkəməyə aparılır -YENİLƏNİB

4 Fevral 2013 15:00 (UTC+04:00)
Saat 15.30 radələrində musavat.com-a verilən məlumata görə, Müsavat başqanının müavini Tofiq Yaqublu bu dəqiqələrdə Baş Prokurorluğun Ağır Cinayətlərə dair istintaq idarəsindən Nəsimi rayon məhkəməsinə aparılır. Onun barəsində iki aylıq həbs qətimkan tədbirninin seçiləcəyi gözlənilir.

Bu barədə musavat.com-a Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib.

Qeyd edək ki, T.Yaqublu və REAL sədri İlqar Məmmədov yanvarın 24-də İsmayıllıda olaraq əhalini iğtişaşlarda iştirak eməyə çağırmaqda ittiham olunurlar.

Onlar bu gün prokurorluqda istintaqa çağırılıb və dindiriliblər.

****

"Tofiq Yaqublu ilə əlaqə yarada bilmirik". Bunu AzNews.az-a Müsavat Partiya başqanının müavini Gülağa Aslanlı Tofiq Yaqublunun prokurorluğa çağrılmasından danışarkən deyib. G.Aslanlı bildirib ki, bu gün səhər saatlarından prokurorluğa çağırılan Tofiq Yaqubludan ailəsinin də xəbəri yoxdur: "Telefon nömrəsinə də zəng çatmır. Çox güman ki, onun hələ izahatı alınır".

Başqan müavini qeyd edib ki, Tofiq Yaqublunu həbs edə bilərlər: "Azərbaycanda nə desən olar. Ona görə T.Yaqublunun da həbs olunma ehtimalı var".

Qeyd edək ki, Tofiq Yaqublu bu gün Respublika prokurorluğuna çağırılıb. Bununla bağlı yanvarın 29-da Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri İsmayıllı hadisələri ilə bağlı məlumat yaymışdı. Məlumatda deyilir ki, Müsavat başqanının müavini Tofiq Yaqublu yanvarın 24-də İsmayıllıya gedərək rayon sakinləri arasında polisə müqavimət göstərmək, heç kimə tabe olmamaq, nəqliyyat vasitələrinin yolunu bağlamaq kimi ictimai-siyasi sabitliyin pozulmasına yönələn çağırışlar edib.

İlkin
AzNews.az