Azərbaycana ən çox turist hansı ölkələrdən gəlib?

7 Aprel 2017 16:05 (UTC+04:00)

Modern.az xəbər verir ki, iclasda aprelin 10-da işə başlayacaq Bakı Şopinq Festivalının təşkili üzrə görülmüş işlər və şuranın 2-ci iclasının protokoluna əsasən üzv qurumlar tərəfindən həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin cari vəziyyəti və 4-6 may tarixində Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq müzakirə olunub.

Turizm Şurasının sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, turizm ölkəmizdə qeyri-neft sektorunun prioritet istiqamətlərindən biridir və bu sahənin inkişafında təsdiq olunan Strateji Yol Xəritəsi mühüm rol oynayacaq.

Nazir Prezident İlham Əliyevin 27 dekabr 2016-cı il fərmanı ilə təsdiq edilmiş “Turizm Şurası haqqında Əsasnamə”də qarşıya qoyulmuş məqsədlər və onların həlli yolları barədə danışıb. Statistik rəqəmləri diqqətə çatdıraraq son 3 ay müddətində ölkəmizə gələn xarici turistlərin sayının 557 min nəfərdən artıq olduğunu bildirib. Qeyd olunub ki, xarici turistlər əsasən Rusiya, Gürcüstan, İran, Türkiyə və ərəb ölkələrini əhatə edir. İlk onluqda isə birinci yeri Ukrayna, Qazaxıstan, İran, Özbəkistan və Birləşmiş Ərəb Əmirliklərindən gələnlər yer alır.

Bakı Şopinq Festivalına hazırlıqla bağlı fikirlərini bölüşən nazir bildirib ki, bu istiqamətdə bütün müvafiq işlər həyata keçirilib. Hazırda 102 ticarət obyekti qeydiyyatdan keçib və proses davam etməkdədir. Festivalda 40-a qədər restoran iştirakçı qismində qeydiyyatdan keçib. Qısa müddətdə təşkil edilən festival cəmiyyətdə artıq böyük maraq doğurub. Televiziyalar və KİV festivalla bağlı məlumatlandırır.

Əbülfəs Qarayev Ticarət festivalı günlərində ölkəmizdə bir sıra beynəlxalq tədbirlərin keçirilməsinin xarici turistlərin festivala marağını daha da artıracağını deyib.

AzNews.az